Ana Sayfa > Gündəm > Rüstəm Nağıyev: “Azərbaycan bütün qələbələrini ləyaqətlə qazanır”

Rüstəm Nağıyev: “Azərbaycan bütün qələbələrini ləyaqətlə qazanır”


9-04-2022, 16:41. Yazar: admen
Rüstəm Nağıyev: “Azərbaycan bütün qələbələrini ləyaqətlə qazanır”

Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən illər ərzində idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi bu gün yaşadığımız möhtəşəm qürur hissini bizlərə bəxş etdi və bu hiss hər kəsi doğma Azərbaycanımızın bundan sonra daha da güclənməsi, daha sürətli inkişafı naminə bir qədər də yüksək əzmlə çalışmağa, yeni nailiyyətlər əldə etməyə sövq edir. Artıq iki ildir ki, Azərbaycan idmançıları dünyanın ən mötəbər idman arenalarında qalib ölkənin təmsilçiləri kimi çıxış edirlər. Heç şübhəsiz bu amilin özü də qələbələrə aparan yolda ən böyük bir stimuldur. Bir neçə gün bundan əvvəl Macarıstanın paytaxtı olan Budapeşt şəhərində keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanan idmançılarımız Azərbaycanın beynəlxalq idman nüfuzunu daha da yüksəltmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 8-də Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən etdiyi çıxışında da vurğuladı ki, Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Eyni zamanda da güləş bizim ənənəvi idman növümüz olduğu üçün, bu qələbənin Azərbaycan üçün önəmi daha yüksəkdir. İdmançılarımız artıq bundan sonra istənilən bir yarışa çıxanda hər zaman xatırlamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın həm gənclər, həm də böyüklər arasında Avropada birinci yeri tutması onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və Azərbaycanda güclü gənc nəsil yetişir. Bu isə Azərbaycanın gələcək qələbələrinin əsasıdır.

Bu gün böyüməkdə olan gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə alması, milli ruhda formalaşması dövlətin əsas prioritetidir: Öz çıxışında bu məsələyə xüsusi toxunaraq Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan dövləti gəncliyin milli-vətənpərvər ruhda formalaşmasına nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, Azərbaycanın tarixi-hərbi Zəfəridir və eyni zamanda, idmanda əldə olunan möhtəşəm uğurlardır. Hətta idmana çox marağı olmayan Azərbaycan vətəndaşları da həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Çünki hər belə qələbə ləyaqətli gənc nəslin yetişdiyinə dəlalət edir. Sevindirici haldır ki, Azərbaycan idmançıları da öz qələbələrini yalnız ləyaqətli çıxışları ilə əldə edirlər. Dövlət başçımız da bu məqama xüsusi toxunaraq dedi ki, ədalət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Biz düşməni və ya idman rəqibini hər zaman məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etmişik. Çünki bizim üçün qələbədən daha vacib olan ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq.

Bu gün hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə də Azərbaycan bütün dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

AİA.Az

Geri dön