Ana Sayfa > Seçki 2024 > Azərbaycanın regionda nəqliyyat dəhlizi kimi önəmi daha da artır

Azərbaycanın regionda nəqliyyat dəhlizi kimi önəmi daha da artır


6-04-2022, 14:20. Yazar: admen
Azərbaycanın regionda nəqliyyat dəhlizi kimi önəmi daha da artır

Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi dünyaya təqdim edir. Görünən odur ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr uğurla reallaşdırılır.

Eyni zamanda beynəlxalq yüklərin daşınmasının çoxalması  ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir. Çin Xalq Respublikası da bu ölkənin rəhbəri Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın tranzit imkanlarını yüksək qiymətləndirir. Bu təşəbbüsə bir neçə istiqamət daxildir ki, onlardan biri Çindən başlayıb Mərkəzi Asiya ölkələrindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Cənubi Avropaya uzanır. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri Çində böyük maraqla qarşılanır və təqdir olunur.

Qeyd etməkdə fayda var ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda tranzit və logistika sahəsində qarşıya qoyulan vəzifələri də yeniləyib.  Qarabağın və Şərqi Zəngəzurun nəqliyyat infrastrukturunun bərpası ilə yanaşı, onların beynəlxalq tranzit baxımından potensialından istifadəsini də nəzərdə tutur. Məsələn,  hazırda icrası davam edən Əhmədbəyli - Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd yeni avtomobil yolu, Zəngilan Hava Limanı kimi layihələr Azərbaycanln beynəlxalq tranzitlə bağlı imkanlarını daha da artıracaq.

Mart ayında Azərbacanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun imzalanması isə göstərdi ki, ölkəmiz indiyə qədər görülmüş işlərlə kifayətlənmir və regionun əsas tranzit habı kimi mövqelərini daha da gücləndirmək üçün bütün imkanlardan səmərəli şəkildə yararlanır. Xatırladaq ki, anlaşma memorandumu İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutur. Daha dəqiq ifadə etsək, bu tarixi sənədin məqsədi respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanın iqtisadi böhrandan və eyni zamanda iqtisadi blokadadan çıxa bilməsi üçün tarixi zəmin yaranmışdı. Azərbaycanın öz tarixi Zəfəri ilə bölgəyə gətirdiyi yeni reallıqlar Ermənistan üçün də mühüm imkanlar açmışdı. Çünki Zəngəzur dəhlizinin yaradılması ilə bu ölkənin xarici aləmlə iqtisadi əlaqələri yaranacaqdı. Lakin ötən dövrün reallıqları göstərir ki, Ermənistan tərəfi yaranmış bu tarixi şansı da düzgün dəyərləndirməkdən uzaqdır. Hətta Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi planlaşdırmışdı. Lakin Azərbaycan-İran dostluğu və münasibətləri Ermənistanın bu planını alt-üst etdi. Daim Ermənistanı təcrid vəziyyətinə salan Azərbaycan  bu dəfə də onu regionun yeni layihəsindən kənarda qoydu.

Qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatan dövlətdir. Bu baxımdan, nəqliyyat infrastrukturunda həyata keçirilən layihələr Asiya ilə Avropanın qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi regionda önəmini daha da artırıb. İran ərazisindən keçməklə yaradılan yeni bağlantı isə respublikamızın mövqelərini daha da gücləndirəcək.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri

AİA.Az

Geri dön