Ana Sayfa > Gündəm > Aprel döyüşləri – böyük zəfərin müjdəçisi
Aprel döyüşləri – böyük zəfərin müjdəçisi2-04-2022, 20:15. Yazar: admen |
Altı il öncə Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar baş vermişdi. Hərb tarixinə “Aprel döyüşləri” kimi düşən bu savaşın nəticələri dərin hərbi və siyasi məzmuna malik idi. 2020-ci ilin 27 sentyabrından 9 noyabrınadək davam etmiş genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Ermənistanın sarsıdıcı məğlubiyyəti bu gün birmənalı şəkildə belə deməyə əsas verir ki, Aprel döyüşləri ərazilərimizin azad edilməsi ilə nəticələnən Azərbaycanın parlaq qələbəsinin müjdəçisi olmuşdu. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş və alınmaz qala iddia edilən müdafiə sisteminə ilk dəfə məhz Aprel döyüşlərində sarsıdıcı zərbə vurulmuş və Azərbaycan Ordusunun öz qarşısında dayanmış strateji vəzifələri yerinə yetirməyə qadir olduğu təsdiqlənmişdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmışdı. Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olmuş, 26 nəfər isə ağır yaralanmışdı. Bundan başqa, hücumlar nəticəsində çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən, mülki infrastrukturlara ciddi ziyan dəymişdi. Düşmənin hərbi təxribatının və barbarlığının qarşısını almaq üçün Azərbaycan Ordusu hərəkətə keçməyə məcbur olmuşdu. Əks-hücum nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad edilmişdi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancılmışdı. 4 günlük döyüşlər zamanı ermənilərə məxsus 30 tank, 15-ə qədər artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis konstruksiyaları məhv edilmişdi. Ümumilikdə, Aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilmiş və bununla da böyük qələbənin təməli qoyulmuşdu. Əlbəttə, Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi və dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı. Bununla yanaşı, Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bütün parametrlərinə görə Ermənistan ordusundan üstündür və işğal altında olan torpaqları azad etməyə qadirdir. Belə ki, Azərbaycan Ordusunun bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və təmas xəttindən dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirmiş, onları qəti zərbələrlə sıradan çıxarmışdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə demişdi ki, Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: “Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Belə də oldu, 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını darmadağın edərək, 30 illik işğala son qoydu, ölkəmizin ərazi bötüvlüyünü bərpa etdi. Bir sözlə, Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqətin, silahlı qüvvələrin işğal olunmuş əraziləri istənilən an azad etmək bacarığının göstəricisi oldu. Anar Rzayev, YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya təşkilatının sədr müavini AİA.Az Geri dön |