Ana Sayfa > Ölkə > Lider seçimində Azərbaycan xalqının həmişəlik qərarı Müzəffər Prezidentimiz cənab İlham Əliyevdir və xalq-lider birliyi sabitliyin, inkişafın əsas amilidir

Lider seçimində Azərbaycan xalqının həmişəlik qərarı Müzəffər Prezidentimiz cənab İlham Əliyevdir və xalq-lider birliyi sabitliyin, inkişafın əsas amilidir


2-04-2022, 13:05. Yazar: admen
Lider seçimində Azərbaycan xalqının həmişəlik qərarı Müzəffər Prezidentimiz cənab İlham Əliyevdir və xalq-lider birliyi sabitliyin, inkişafın əsas amilidir

Tarixə nəzəri-siyasi ekskursiya etdikdə görürük ki, hər bir xalqın və dövlətin inkişafında əsas amillərdən biri güclü liderinin olmasıdır. Bütün dövrlərdə xalqların, dövlətlərin yüksəlişinin təmin olunmasında lider faktoru həlledici rol oynamışdır və bütün hallarda tarixi faktlar və reallıqların fonunda liderlik güc, qüdrət, həmrəylik, rifah və tərəqqi anlayışları ilə assosiasiya olunur. Siyasi liderlik təkcə hakimiyyət olimpində olmaq deyil, eyni zamanda dövləti idarə etmək sənəti, cəmiyyətin, xalqın mənəvi-siyasi enerjisini milli hədəflərə yönləndirmək bacarığı, xalqın dəstəyindən güc alaraq sabitlik, həmrəylik, inkişaf, intibah və tərəqqini təmin edən qüvvədir.

Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev mühüm keyfiyyətləri – mənəvi zənginliyi, humanist və ədalətli olması, novatorluğu, yaradıcı yanaşması, maraq dairəsinin müxtəlifliyi, qeyri-standart düşüncə tərzi və davranışı, hazırcavablığı və müstəqilliyi, yüksək ağıla və yüksək mədəniyyətə sahib olması ilə fərqlənən əsil xalq adamıdır və əsil liderdir. O, daim xalqın arasında olmağa, insanların qayğıları ilə maraqlanmağa, özünün ən əlamətdar və xoş günlərini də xalqla birlikdə keçirməyə üstünlük verir.

2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyevin “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikrini ifadə etməsi onu deməyə əsas verir ki, bəli Prezident İlham Əliyev həyatını dövlətə, xalqa xidmətə həsr edib və qədirbilən Azərbaycan xalqı da onu əbədi olaraq özünə rəhbər seçib.

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət yürüdən cənab İlham Əliyevin prezident kimi səmərəli, məqsədyönlü, milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Azərbaycan ötən müddət ərzində ən yüksək strateji zirvələri fəth edib, güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Siyasət, diplomatiya, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər nəticəsində müstəqilliyimizin rəmzi olan üç rəngli bayrağımız zirvələrdə qürurla və əzəmətlə dalğalanır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılması, tarixi ədalətin və milli ləyaqətin bərpası müstəsna tarixi, mənəvi-siyasi hadisədir və bu hər bir vətəndaş üçün iftixar mənbəyi olmaqla yanaşı xalqın milli qürurunun təcəssümüdür.

Xalqın inamını qazanmış Prezident İlham Əliyev bütün seçkilər zamanı xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilmişdir. Əvvəlki seçkilərdə olduğu kimi, 2018-ci il aprelin 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı da Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin, 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Xalqın seçimini şərtləndirən başlıca amil ondan ibarətdir ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur.

Azərbaycan xalqı Prezident İlham Əliyevi seçməklə görülən işlərə yüksək qiymət vermiş, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir və radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Bu gün demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır və siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” deyən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. 15 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.

Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil olmuşdur.
2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir;

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmiş və ölkə böyük gəlirlər əldə etməyə başlamışdır. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.

Həmin illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, ölkədə böyük infrastruktur layihələr reallaşdırılmışdır. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. Generasiya gücü 3900 meqavata bərabər olan 30-dan çox elektrik stansiyası tikilmişdir. 15 min kilometr yeni yol çəkilmiş, 7 aeroport tikilmiş, dəmir yolu infrastrukturu yenilənmişdir. Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır..

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, ölkəmizin beynəlxalq arenada layiqli yerini tutmasını təmin edəcəkdir.

Bəli bu gün Azərbaycan xalqı iftixar hissi ilə və qürurla deyir ki, mənim liderim, əbədi rəhbərim Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri

AİA.Az

Geri dön