Ana Sayfa > Gündəm > Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı əməkdaşlığa yönəlib
Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı əməkdaşlığa yönəlib1-04-2022, 18:21. Yazar: admen |
Azərbaycan sülh ölkəsi kimi, hər zaman bölgədə davamlı əmin-amanlığa töhfə vermək niyyətini nümayiş etdirib, müharibə əleyhinə çağırışlar səsləndirib. Respublikamızın otuz il ərzində işğalda olan torpaqlarımızın danışıqlar əsasında azad edilməsinə cəhd göstərməsi də xalqımızın sülhün, əmin-amanlığın tərəfdarı olmasının bariz ifadəsi kimi diqqət çəkib. Lakin qarşı tərəfin qeyri-konstruktivliyi münaqişənin sülh yolu ilə nizamlanmasına maneçilik törədib. İşğalçı Ermənistan təmas xəttində daim gərginlik yaradaraq mövqelərimizə hücum edib, ölkəmizi torpaq iddiası ilə hədələməkdən çəkinməyib. Beləliklə, düşmən dövlət torpaqlarımızın müharibə yolu ilə azad olunması üçün bizə başqa seçim qoymayıb. Bax, elə buna görə də 2020-ci il sentyabr ayının 22-də Azərbaycan Ordusu əks-həmlə əməliyyatları ilə ərazilərimizi qəsbkardan təmizlədi. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat daha sonra bildirib ki, Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən münaqişənin artıq həllini tapdığını bəyan edib. Azərbaycan-Ermənistan münasibətlərini nizamlamaq vaxtıdır. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası əsasında Qafqaza sülh gələcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Cənubi Qafqazda üç ölkənin fəal əməkdaşlığı region üçün olduqca faydalı ola bilər. Bu əməkdaşlığın reallaşması üçün isə sülhü təmin etmək əsas şərtdir, şübhəsiz ki, yalnız bundan sonra əməkdaşlıq perspektivləri müzakirə mövzusu ola bilər. Eyni zamanda, Azərbaycan Prezidenti sülhə nail olmaq istiqamətində ölkəmiz tərəfindən Ermənistana təklif olunan beş prinsipin beynəlxalq hüququn normalarına tam cavab verdiyini və qarşı tərəfin buna məqbul baxdığını qeyd edərək, belə bir vəziyyətin sevindirici hal olduğunu vurğulayıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə bir neçə gündən sonra Ermənistanın baş naziri ilə reallaşacaq görüşünə toxunan ölkə Prezidenti bunun məhsuldar olacağına və sülhə doğru irəliləyişə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. “Göründüyü kimi, Azərbaycan istər təmas xəttində, istər qlobal arenada sülhə sadiqliyini səmimiyyətlə nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin ana xəttidir. Dövlətimizin başçısının məzmunlu çıxışlarında bu, daha aydın görünür. Qeyd etdiyim kimi, dünənimizdə də, bu günümüzdə də sülh həyat amalımız olub. Qarşı tərəf bunu tələskənliklə dəyərləndirməli, yeni reallıqdan nəticə çıxarmalıdır”, - deyə R.Mahmudov fikirlərini sonlandırıb. Geri dön |