Ana Sayfa > Media > Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı əməkdaşlığa yönəlib
Azərbaycanın xarici siyasəti qarşılıqlı faydalı əməkdaşlığa yönəlib1-04-2022, 18:13. Yazar: admen |
Tarixi reallıqlar sübut edir ki, ötən il müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan qısa müddətdə dünya miqyasında etibarlı tərəfdaş kimi tanınan qüdrətli dövlətə çevrilib. Bunu şərtləndirən yeganə amil isə Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil xarici siyasətdir. Ümumiyyətlə, demokratik tərəqqi yolunu seçən Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib. Dövlət başçısı tərəfindən milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə davam etdirilməsi beynəlxalq əlaqələrin düzgün qurulmasına imkan yaradıb. İkinci Qarabağ müharibəsindən sonra isə Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin formalaşdırıb. Üstəlik, ölkəyə rəhbərlik etdiyi 19 ildə İlham Əliyev elə bir uğurlu siyasət yürüdüb ki, Azərbaycan tarixində heç zaman indiki kimi inkişaf edən, sabit və qüdrətli olmayıb. Bunu təkcə biz yox, beynəlxalq reytinq təşkilatları da öz hesabatlarında qeyd edirlər. Həmin sənədlərdə vurğulanır ki, İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ildə Azərbaycan zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi yolunda qətiyyətli addımlar atan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Elə təkcə dünyanı cənginə alan qlobal pandemiya ilə mübarizə istiqamətində Azərbaycan Prezidentinin gördüyü tədbirlərə və irəli sürdüyü təkliflərə nəzər yetirsək, bunu aydın şəkildə görə bilərik. Pandemiya ilə mübarizə prosesində dünya dövlətlərinə çağırış edən Prezident İlham Əliyev bütün çıxışlarında, nitqlərində hər zaman vurğulayırdı ki, bu bəladan xilas yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Pandemiyaya qarşı mübarizədə ölkələrin birgə fəaliyyəti, çoxtərəfli əməkdaşlıq göstərməsi təklifini də məhz İlham Əliyev irəli sürdü. Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyanın bir çox ölkəsi tərəfindən dəstəkləndi. Prezident İlham Əliyevin beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməsi ilə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi daha da artdı. Bu gün isə qalib dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər ölkəmizin xeyrinə işləyir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə bölgədə yeni əməkdaşlıq platformaları yaradılır, qlobal nəqliyyat-tranzit layihələri reallaşdırılır. Bu da əlbəttə ki, ilk növbədə bölgədə təhlükəsizliyin təmin olunmasını və region dövlətləri üçün iqtisadi dividendlərin əldə edilməsini şərtləndirəcək. Hazırda Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan, eyni zamanda açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir. Belə ki, Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. Ən nəhayət, 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan edib. Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir, işğalçı Ermənistan istisna olmaqla, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq edir. Buna görə də heç bir dövlət Azərbaycanla təzyiq dilində danışa bilmir. Beləliklə, böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Azərbaycan postmüharibə və postböhran dövrünə Cənubi Qafqazın lider dövləti kimi qədəm qoyub. Vüqar İsayev, YAP Göygöl rayon təşkilatının sədri AIA.Az Geri dön |