Ana Sayfa > Qərbi Azərbaycan > Əməkdar həkim Təranə Rəcəblini təbrik edirik!

Əməkdar həkim Təranə Rəcəblini təbrik edirik!


30-03-2022, 17:47. Yazar: admen
Əməkdar həkim Təranə Rəcəblini təbrik edirik!

Mart ayının 16-da Sumqayıt Perinatal Mərkəzin baş həkimi Təranə xanım Rəcəblinin 50 yaşı tamam olub. Əlbəttə ki, bir insan ömrü üçün əlli il heç də uzun müddət sayıla bilməz. Əgər bu zaman kəsiyindən uşaqlıq və yeniyetməlik illəri də çıxılarsa, bu zaman bir insan üçün, xüsusən də yaradıcı insan üçün 50 yaşın keçilmiş həyat yolunun az bir hissəsi olduğu aydın olar. Əməkdar həkim Təranə Rəcəblinin yaradıcı insan olduğunu isə onun rəhbərlik etdiyi kollektiv də, indiyədək analıq sevincini yaşamalarına yardımçı olduğu yüzlərlə pasiyentləri də, partiya silahdaşları və rifahı üçün öz sahəsində fədakarlıqla çalışdığı Sumqayıt şəhərinin rəhbərliyi də çox yaxşı bilirlər. Qeyd edək ki, Sumqayıt şəhərində Perinatal Mərkəzin yaranması məhz Təranə xanımın gərgin əməyinin nəticəsidir. Hər zaman tibbin yeniliklərinə açıq olan Sumqayıt Perinatal Mərkəz bu gün həm də tədris mərkəzi kimi fəaliyyət göstərir. Az çəkili uşaqlara göstərilən tibbi yardım və ağır pataloji hamiləliklərin uğurla başa çatdırılması sayəsində son 2 il ərzində Sumqayıt şəhərində ana ölümü demək olar ki, olmamış, uşaq ölümlərinin sayı kəskin azalmışdır.


Təsadüfi deyil ki, Təranə xanımı yubiley münasibətilə ilk təbrik edənlər sırasında da məhz Sumqayıt şəhər İcra Hakimiyyəti və YAP Sumqayıt şəhər təşkilatı olublar. İlk növbədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Təranə Rəcəblini 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri əməkdar həkim Təranə Rəcəbliyə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanını təqdim edib. Həmçinin Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Sumqayıt Perinatal Mərkəzin baş həkimi Təranə Rəcəblini şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və 50 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif edib. YAP Sumqayıt şəhər təşkilatının əməkdaşı Arifə Abdullayeva əməkdar həkim Təranə Rəcəbliyə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Fəxri Fərmanını təqdim edib.

Biz də AİA.az saytı olaraq əməkdar həkim Təranə Rəcəblini ürəkdən təbrik edirik, ona uzun ömür, can sağlığı və bütün işlərində yeni-yeni nailiyyətlər diləyirik!
Geri dön