Ana Sayfa > Təhsil > SDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi keçirildi

SDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi keçirildi


30-03-2022, 17:31. Yazar: sevinc1
SDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi keçirildi

Martın 30–da Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi keçirildi.

Sərgidə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Elmi Kitabxananın müdiri Nailə Əmrahova açaraq 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışdı, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü söylədi, Qubada aşkar olunmuş kütləvi məzarlıqda – Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən olunmasının soyqırımın bariz nümunəsi olduğunu bildirdi.

Qeyd etdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin ciddi səyi və təşəbbüsü nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla hər il martın 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

Elmi kitabxananın baş kitabxanaçı Xatirə Əliyeva “Bakı qəzasında Azərbaycanlıların soyqırımı”, Azərbaycan və Şərqi-Avropa xalqları tarixi kafedrasının müəllimi Aysel Şamilova “Bölgələrdə azərbaycanlılara qarşı ermənilərin soyqırımı”, Elmi kitabxananın Məlumat-biblioqrafiya şöbəsinin müdiri Rəqsanə Əbdürəhmanova “Mart soyqırımı ədəbiyyatlarda (biblioqrafik xülasə)” mövzularında məruzə ilə çıxış edərək 1918-ci ilin martında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlar barədə geniş məlumat verdilər. Ermənilər tərəfindən törədilən qırğınların, soyqırımların sonrakı illərdə də davam etdiyini, təkcə XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə kütləvi qırğınlara, soyqırımlarına və etnik təmizləmələrə məruz qaldığını, Xocalı faciəsinin tariximizin növbəti soyqırımı olduğunu söylədilər. Xocalı soyqırımının dünya miqyasında tanıdılmasında və soyqırımına hüquqi qiymət verilməsində Azərbaycan Respubliakasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışdılar.

Sonra 31 Mart-azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “31 Mart - Azərbaycanlıların Soyqırımıdır” adlı sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, şəkillər, qəzet və jurnal materialları ilə tanış oldular.

aia.az
Geri dön