Ana Sayfa > Gündəm > Meydanəli Yolçuyev: “1918-ci ilin mart qırğınlarında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır”

Meydanəli Yolçuyev: “1918-ci ilin mart qırğınlarında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır”


30-03-2022, 13:42. Yazar: admen
Meydanəli Yolçuyev: “1918-ci ilin mart qırğınlarında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır”

Ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. Hər zaman kütləvi qırğınlar və deportasiyalarla müşayiət olunan belə cinayətlərdən biri də 1918-ci ildə törədilmiş mart soyqırımlarıdır. Həmin qırğınlarda qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Həmçinin soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilərək diri-diri yandırmışdılar. Bütün bu hadisələrdə əlbəttə ki, “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Heç şübhəsiz 1918-ci ilin mart-aprel soyqırımları istər amansızlığına, istərsə də miqyasına görə dünya tarixində məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması tələb olunur. Məsələ bundadır ki, Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün bu istiqamətdə tədqiqat işləri hələ də davam etdirilir və bu səbəbdən erməni cinayətlərinin tam mənzərəsi hələ də formalaşmayıb. Ekspertlərin ilkin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Daha sonrakı araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfər qətlə yetiriblər. Həmçinin Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və bu xüsusda əsl həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Bu baxımdan 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi, həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiq edilən 30 mart 1999-cu il tarixli tədbirlər planı müstəsna tarixi əhəmiyyət kəsb edən sənədlərdir. Məhz bu Fərmanın imzalanması ilə bu istiqamətdə aparılan tədqiqatlar yeni təkan aldılar və bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Ulu Öndər Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Bu gün Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən 1918-ci ilin mart-aprel qətliamının günahsız qurbanlarının qanını düşməndən döyüş meydanında almışdır. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmamalıdır.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlığın aşkarlanması erməni vəhşiliyinin növbəti danılmaz sübutu kimi qiymətləndirilir. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. 1918-ci ilin mart-aprel aylarında ermənilərin xalqımıza qarşı törətdikləri qətliamın bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməllərindən biri olduğunu bütün dünya dövlətləri birmənalı olaraq qəbul etməlidirlər. Əgər belə olarsa, bəşəriyyət oxşar hadisələrlə gələcəkdə yenidən qarşılaşmamaq şansı əldə edə bilər.

Meydanəli Yolçuyev,
Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri

Geri dön