Ana Sayfa > Gündəm > Ali təhsilli çağırışçıların hərbi xidmətləri ilə bağlı yeni TƏKLİF

Ali təhsilli çağırışçıların hərbi xidmətləri ilə bağlı yeni TƏKLİF


12-05-2016, 17:50. Yazar: admin
Ali təhsilli çağırışçıların hərbi xidmətləri ilə bağlı yeni TƏKLİF


Aprel ayındakı 4 günlük mühüm hərbi əməliyyatlar cəmiyyətdə müharibəyə getmək duyğularını daha da gücləndirdi. Belə olan halda millət vəkillərinin magistr və doktorant olmaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ tələbi gerçək deyil.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc doktorant və magistrlər üçün hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi məsələsindən danışarkən deyib.

Deputat bildirib ki, bu gün magistr və doktoranturada təhsil alanların 83 faizi qadın və 17 faizi isə kişilərdir:

"Hərbi xidmətdən qayıdan kişilərin bakalavr təhsilindən sonra elm dalınca getmək istəyi yox dərəcəsindədir. Alimlərdə orta yaş həddi 55-dən yuxarıdır. 30 yaşına qədər olan kişilərin içində alim olan yoxdur".

Zahid Oruc magistratura və doktoranturanda əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsində iki yeni variant təklif edib:

"Mən bu məsələ ilə bağlı 2 variant təklif edirəm. Birinci təklifim odur ki, universitetə qəbul olunan oğlanların hərbi xidmətə getməsi təhsildən qabaq baş tutsun. Yəni 23-24 yaşını gözləmədən hərbi xidmət həyata keçirilməlidir.

İkinci təklifim isə odur ki, bakalavr təhsili olan oğlanlar öz ixtisasları üzrə hərbi xidmət yerlərinə göndərilsinlər. Ordu daha çox kontrakt qaydaları ilə xidmət keçmiş qüvvələrdən təşkil olunanda güclü olur.

İstənilən tibb sahəsində mütəxəssisi aparıb tanka, topa yerləşdirmək səhv addımdır. Texniki sahəni daha yaxşı bilənləri savadsız hərbi qulluqçularla eyni tutmaq düzgün yanaşma deyil.

Ali təhsilli oğlanların hərbi xidmət yerləri daha çox onların ixtisaslarına uyğun təşkil edilsin. Burada artıq kompüterin avtomatik seçimi olmasın".

Deputat üzvü olduğu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsində fərqli baxışın olmadığını söyləyib:

"Bu məsələ ilə bağlı qanun layihəsinin ilk oxunuşundakı müzakirələr zamanı deputatlar tərəfindən fərqli fikirlər səsləndirildi. Bizim komitədə bu məsləyə fərqli baxış mövcud deyil.

Parlamentdə də əksər deputatlar hərbi xidmət keçənlərə yalnız 1 dəfə bakalavr təhsili zamanı möhlət hüququnun verilməsinin tərəfdarıdırlar.

Mənim baxışım odur ki, sadəcə, çeçenlər kimi səngərə dolmaqla müharibənin taleyini həll etmək mümkün deyil. Müasir texniki qurğuları idarə edəcək kadrlara daha çox ehtiyac var".

Xatırladaq ki, artıq Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli möhlət hüququnun layihədən çıxarılmasının səbəbini təmas xəttində gərginliyin artması ilə əlaqələndirib

aia.az.
Geri dön