Ana Sayfa > Qərbi Azərbaycan > ÜST-nin son hesabatlarında Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib

ÜST-nin son hesabatlarında Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib


25-03-2022, 11:32. Yazar: admen
ÜST-nin son hesabatlarında Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib

Ağciyər vərəmi vərəm mikobakteriyası tərəfindən törədilən infeksion xəstəlikdir. Vərəm müxtəlif orqanları zədələyə bilər. Lakin əsasən tənəffüs yolu ilə yoluxan xəstəlik - ağciyər vərəmi geniş yayılıb. Əsas əlamətləri bəlğəmli öskürək, təngnəfəslik və sinədə ağrıdır. Hərarət, gecə tərləməsi, iştaha və çəki itirilməsi, yorğunluq və ümumi halsızlıq kimi simptomlar da ağciyər vərəminin əlamətləri ola bilər.

Bunu müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının həkim-pulmonoloqu Almas Mütəllimova deyib. Onun sözlərinə görə, vərəm müalicə olunan xəstəlikdir. Müalicə kursu aylarla, bəzən illərlə davam etsə də, xəstəliyin vaxtında aşkarlanması və xəstənin müalicəyə cəlb olunması ilə müsbət nəticə əldə etmək olar.

A.Mütəllimova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatlarında Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib, çünki ötən illərlə müqayisədə yoluxma sayında xeyli azalma var: “İldən-ilə dünyada və ölkəmizdə həm vərəmə yoluxma, həm də həmin xəstəlikdən ölüm hallarında müsbətə doğru artan göstəricilər izlənilir. Sadalananlar arxayınlaşmağa əsas deyil, çünki vərəm mikobakteriyalarının dərmanlara qarşı rezistentliyi qeydə alınır. Bu səbəblərdən vərəmin rezistent formalarını vaxtında aşkarlayıb müvafiq müalicə metodlarını tətbiq etmək lazımdır.

Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina, düzgün qidalanma, fiziki aktivlik, təmiz havada gəzinti, stresdən uzaq olmaq, şəxsi gigiyena qaydalarına əməl etmək kimi sadə addımlar vərəmin profilaktikasında əsasdır.

COVID-19 pandemiyası dövründə həmin tədbirlərin daha da gücləndirilməsi, əlamətlərə ciddi və diqqətli yanaşmaq lazımdır. İmmun sistemi zəif olan şəxslər, aztəminatlı ailələr, spirtli içki aludəçiləri, məhkumlar, qida təminatı zəif olanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə xəstəlik riski daha yüksəkdir. Belə insanlar ildə bir dəfə profilaktik müayinədən keçməlidirlər”.

Martın 24-nün Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunduğunu xatırladan mütəxəssis Azərbaycanda da vərəmlə mübarizə istiqamətində profilaktik tədbirlər görüldüyünü və əhali arasında mütəmadi maarifləndirmə işləri aparıldığını diqqətə çatdırıb.

“Unutmayın, cəmiyyətin sağlamlığı hər birimizdən asılıdır”, - deyə A.Mütəllimova fikirlərinə yekun vurub.

AİA.Az
Geri dön