Ana Sayfa > Seçki 2024 > Xalqımızın ürəyində qisas hissi həmişə var idi.

Xalqımızın ürəyində qisas hissi həmişə var idi.


19-03-2022, 22:11. Yazar: admen
Xalqımızın ürəyində qisas hissi həmişə var idi.

44 günlük Haqq savaşımız Zəfər qələbəsi ilə başa çatdı.Bu zəfər bizə Ermənistanın işğalı altında olan 20 faiz torpaqlarımızı geri qaytarmaqla yanaşı,həm də dünyada qalib dövlət,qalib xalq kimi tanıtdırdı.

“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi söz olaraq qalmadı və həyatda da öz təsdiqini tapdı.Bu ifadə həm də qələbəmizin rəmzinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq xalqımızı qürurlandırdı.

Son iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır.XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş,bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar.Ümumilli liderimiz Heydər Əliyevin istər “Azərbaycanların soyqırımı haqqında” 26 mart 1998-ci il fərmanı,istər “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1987-ci il tarixli fərmanı,istərsə də həmin fərmanların icrası ilə bağlı imzaladığı sərəncamlar və eləcə də dövlətimizin başçısı İlham Əliyevin hər il soyqırım günü ərəfəsində xalqa etdiyi müraciətlər qan yaddaşımızın unudulmamasına xidmət edir.


XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Neçə-neçə soydaşımız amansızlıqla qətlə yetirilmiş,əsir götürülmüş,ata-baba yurdlarından didərgin salınmışdır. Erməni vəhşiliyi tarixi-mədəni abidələrimizdən də yan keçməmiş,erməni vandalizminə məruz qalmışdır.

Azərbaycan xalqı bütün bu vəhşilikləri unutmamış,hər zaman qisas gününü səbrsizliklə gözləmişdir. Biz xalqımızın əzminə, qorxmazlığına aprel döyüşləri zamanı bir daha şahid olduq. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandiqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş,Talış kəndi,Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Gülüstan kəndi, Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

2020-ci ilin 12 iyul tarixində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutaraq mövqelərimizə hücum etmişlər.Hücumun qarşısını alarkən general-mayor Polad Həşimov,polkovnik İlqar Mirzəyev və 5 nəfər hərbi qulluqçunun qəhrəmancasına şəhid olması xalqımızın vətənpərvərlik hissini bütün hisslərdən öndə tutduğuna bir daha nümunə olmuşdur.Bu hadisələr xalqımızda qisas hissini daha da gücləndirmiş,Vətən müharibəsində isə bu qisası Azərbaycan əsgəri layiqincə almışdır.

44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və xalqımız qisasdan doğan gücünü birləşdirərək qətiyyətli qələbə qazandı,işğalçını əzəli torpaqlarımızdan

“iti qovan kimi qovdu”. Azərbaycan xalqı dəmir yumruq kimi Prezidentimizin ətrafında birləşərək sözün əsl mənasında böyük xalq olduğunu,ulu türk millətinin cəsur,qəhrəman bir boyu olduğunu bir daha sübut etdi,misilsiz birlik,həmrəylik nümayiş etdirdi və Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı.

Əminliklə demək olar ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

Nigar Səfxanova,
YAP Göygöl rayon təşkilatı üzrə
Üçbulaq kənd ərazi partiya təşkilatının sədri

Geri dön