Ana Sayfa > Gündəm > Rüstəm Nağıyev: “Bu gün Azərbaycan idmançıları dünyada qalib ölkəni təmsil edirlər”
Rüstəm Nağıyev: “Bu gün Azərbaycan idmançıları dünyada qalib ölkəni təmsil edirlər”18-03-2022, 18:28. Yazar: admen |
Artıq xəbər verildiyi kimi, bu yaxınlarda 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında Azərbaycanın gənc güləşçiləri 7-si qızıl olmaqla ümumilikdə 16 medal qazanaraq komanda hesabında birinci yerə layiq görülmüşlər. Əlbəttə ki, bu çox yüksək nailiyyətdir. Çempionatda 34 Avropa ölkəsini təmsil edən güclü idmançıların iştirak etdiyini nəzərə alsaq, güləşçilərimizin həqiqətən də böyük uğura imza atdıqlarını aydın görərik. Təsadüfi deyil ki, martın 17-də gənc güləşçiləri qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmançılarımızın bu uğurunu çox yüksək qiymətləndirmişdir. Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. 1997-ci ildə İlham Əliyev cənablarının Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməsindən sonra ölkəmizdə idmanın inkişafında əsaslı dönüş baş verdi. Məhz həmin ildən Azərbaycan idmanı tamamilə yeni, daha yüksək və dinamik inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən illər ərzində idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə ki, bu müharibədə Zəfər qazanmış Şanlı Ordumuzun da aparıcı qüvvəsi məhz vətənpərvər Azərbaycan gəncliyi idi. Artıq Azərbaycan idmançıları da dünyanın ən mötəbər idman arenalarında qalib ölkəni təmsil etmələrindən böyük qürur duyurlar. Heç şübhəsiz bu amilin özü də qələbələrə aparan yolda böyük bir stimuldur. Aydındır ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də idman inkişaf etdiriləcək. Möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, artıq indidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi ən müasir tələblər səviyyəsində inkişaf etdirilir. Bu prosesin daha da genişmiqyaslı olması üçün dövlətimiz tərəfindən bütün gərəkli addımlar vaxtında və qətiyyətli şəkildə atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar sayəsində qarşıdakı illərdə Azərbaycan idmanı yeni, daha yüksək zirvələri fəth edəcək. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Geri dön |