Ana Sayfa > Seçki 2024 > Novruz Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

Novruz Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir


18-03-2022, 15:19. Yazar: sevinc1
Novruz Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Novruz bayramını "sevinc", "həvəs" və "birləşmə" formulu kimi səciyyələndirmişdir. Müasir Azərbaycanın qlobal dünyanın siyasi labirintlərində etibarlı milli yol xəritəsini cızmış Ulu Öndərin bu sözləri milli ideologiyamızın təməl daşlarını, Azərbaycan insanının canı və qanı bahasına qurduğu dövləti necə qoruyub saxlaması haqqında fəaliyyət proqramının başlıca qayəsini təşkil edir. Bu anlamda, Novruz bayramının bizi "sevindirməsi" Azərbaycan xalqının milli dəyərlərlə yaşaması, "həvəsləndirməsi" milli dəyərlərdən güc alması, "birləşdirməsi" bir xalq kimi məhz milli dəyərlər əsasında təşkil olunması deməkdir. Ulu Öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq öz bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz xalqı qarşısında Novruz təbrikində aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir ki, "Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır. Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır. Azərbaycan xalqı çoxəsrlik tarixə malikdir. Bu tarixdə milli soy-kökümüzdən qaynaqlanaraq fərdi xüsusiyyətimizə çevrilən elə adət-ənənələrimiz vardır ki, həmin adətlərlə azərbaycanlı olduğumuz sübut olunur. Və əsrlərdir, yaşadılaraq bu günümüzədək gəlib çıxan adət-ənənələrimiz müasir dövrümüzdə xalqımızın tarixi kökünü bir daha açıqlayır, bu millətin tarix qədər yaşı olduğunu təsdiqləyir. 70 il sovet imperiyasının müstəmləkəsində olan bir xalq öz tarixini, milli adətlərini, mentalitetini çətinliklərlə üzləşə-üzləşə saxlaya bilmişdirsə, bu onun göstəricisidir ki, həmişə soy-kökünə sadiq olan azərbaycanlılar onu qorumağı bacarmışlar. Artıq neçə illərdir ki, Novruz bayramı çox çətinliklə əldə etdiyimiz müstəqillik şəraitində qarşılanır. Respublikamızın hər yeri – küçə və meydanları, parkları qədim milli bayramımız üçün bəzədilir. Hər kəs ən sevimli bayramı olan Novruzu ürəyincə qeyd edir. Oxuyan, oynayan, yallı gedən, milli oyunlarımızı, mərasimlərimizi, adətlərimizi nümayiş etdirən hər kəslə yaşanır, yaşadılır qədim bayramımız Novruz. Yaşadıla-yaşadıla dünəndən bu günə, bu gündən sabaha – yeni nəsillərə ərməğan edilir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".

Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq". Bütövlükdə, Novruz – törəyiş, yaranış, oyanış, yeniləşmə bayramı olaraq dərin köklərə söykənən qədim ənənələri üzə çıxarır və türkün yenilməzliyini, birliyini, işığa, xeyirə meylliliyini bütün dünyaya bir daha əyani şəkildə nümayiş etdirir. Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin layiqli siyasi varisi kimi milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, bu sıradan da xalqın milli bayramı olan Novruzun yüksək səviyyədə qeyd olunmasına çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara xoş arzu və niyyətlərini bildirir. Bu özlüyündə dövlətin Novruza - mənəvi birlik bayramına olan həssas yanaşmasının nümunəsidir.

Sevinc Əhədova
YAP Saatlı rayon təşkilatının məsul işçisi


Geri dön