Ana Sayfa > Gündəm > Novruz sülhün, əmin-amanlığın və bolluğun rəmzidir

Novruz sülhün, əmin-amanlığın və bolluğun rəmzidir


17-03-2022, 13:00. Yazar: sevinc1
Novruz sülhün, əmin-amanlığın və bolluğun rəmzidir

Novruz bahar bayramı olmaqla şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günlərində, yəni martın 20-si, 21 və 22-də keçirilir. Bir sıra xalqlar hələ lap qədim vaxtlardan yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb və bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Azərbaycanda, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, Qırğızısnatda, Krım tararlarında, kürdlərdə və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Bu bayram həm də İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü kimi sayılır.

Sovetlər quruluşunun vaxtında da bu ölkənin tərkibində olan respublikalara- Azərbaycana, Qazaxıstana, Özbəkistana, Tacikistana, Qırğızıstana, Türkmənistana və başqa türkdilli xalqlara bu bayramı keçirmək qadağan olunsa da, amma həmin xalqlar bu qadağalara baxmayaraq həmin bayramı keçiriblər. 1969-cu ildə xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Novruz bayramı şənliyi Azərbaycanda rəsmi bayram kimi keçirilməyə başladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir". Ulu Öndər cəmi bir neçə cümlə ilə Novruz bayramının mahiyyətini, fəlsəfəsini və daşıdığı ümumbəşəri dəyərləri necə də dəqiqliklə ifadə edib. Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı əvvəllər bəlkə də heç zaman müşahidə olunmamış ruh yüksəkliyi ilə qeyd edir. İki il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu möhtəşəm Zəfər bütün Azərbaycana əbədi bahar gətirdi.

Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Müqəddəs Novruz artıq ölkəmizə qədəm qoymuş, ilaxır çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirmişdir. O, neçə əsrlər və minillərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verib, qəlblərini ümid və inamla doldurur. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.

Qasım Qasımov,
Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi,
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının üzvü

Geri dön