Ana Sayfa > Siyasət > Böyük qayıdış prosesi qısa müddətdə həyata keçiriləcək!
Böyük qayıdış prosesi qısa müddətdə həyata keçiriləcək!17-03-2022, 14:06. Yazar: sevinc1 |
![]() Otuz il müddətində işğalçı Ermənistan doğma torpaqlarımızda o qədər böyükmiqyaslı dağıntılar törətmiş, elə ağlasığmaz vəhşiliklər etmişdilər ki, hətta həmin torpaqlarda böyüyüb boya-başa çatan daimi sakinləri belə öz dədə-baba yurdlarını tanımaqda çətinlik çəkirdilər. Aydın məsələdir ki, dağıntılar, talan və qarətlər nə qədər böyükdürsə, quruculuq işlərinin miqyası da buna paralel olaraq o qədər genişmiqyaslı olmalıdır. Bu isə o deməkdir ki, ermənilər nə qədər vəhşilik edib, nə qədər dağıdıblarsa, biz də ən az o qədər qurmalı, abadlaşdırmalıyıq. İlk vaxtlar Qarabağda həyata keçirilən quruculuq işlərinin, baş verən dəyişikliklərin fərqinə varmayan bəzi vətəndaşlar, zaman keçdikcə nəinki geniş abadlıq işlərinin görüldüyünü, hətta yeni şəhərlərin yaradıldığını əyani şəkildə şahid oldu. Beləcə azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri ilə bol olan ilk bir ili geridə qoyduq. Bu müddətdə ölkəmizin iqtisadi və sosial həyatında çox yeniliklər oldu. Dünya iqtisadiyyatının pandemiyadan əziyyət çəkdiyi bir vaxtda Azərbaycan həm müharibənin yaralarını sağaltmağa, həm də ərazilərimizin yenidən qurulmasına çalışırdı. Ölkəmizdə son bir ildə baş verənlər onu göstərir ki, Azərbaycan müharibədə olduğu kimi, bütün çətinliklərdən alınaçıq, üzüağ çıxdı. Beləliklə, ümumiləşdirsək torpaqlarımızın işğaldan azad edilməsi mübarizəmizin sonu deyil, yeni bir başlanğıcdır. Bərpa-quruculuq mövzusundan danışarkən, yollardan bəhs etməmək olmaz. Yeni yol infrastrukturunun yaradılması və yenilənməsi dedikdə, respublikamızın digər rayonlarını işğaldan azad edilən ərazilərlə birləşdirən yollar da nəzərdə tutulur. Təbii ki, bu mənada yeni salınan bir çox yolu misal göstərmək olar. Toğana–Kəlbəcər–İstisu, Horadiz–Qubadlı–Zəngilan–Ağbənd, Xudafərin–Qubadlı–Laçın, Kəlbəcər–Laçın, Füzuli–Hadrut, Bərdə–Ağdam, Şükürbəyli–Cəbrayıl–Hadrut yolları yeni infrastrukturun əsas tərkib hissələridir. Füzulidən Şuşaya uzanan “Zəfər yolu” isə qələbəmizin rəmzlərindən biridir. Dövlətimizin başçısı çıxışlarında xüsusi vurğulayır ki, biz bərpa işlərini elə səviyyədə aparmalıyıq ki, bu həm nüfuzumuza, həm də qələbəmizə layiq olsun. Bir çox geniş mənanı özündə əks etdirən bu fikir Qarabağda görülən işlərin keyfiyyətini və sürətini, miqyasını və bir çox əlavə meyarları əhatə edir. Respublikanın digər ərazilərində görülən işlər kimi, Qarabağda reallaşdırılan layihələr də insanların rahat, təhlükəsiz və dövrün tələblərinə uyğun şəkildə yaşamasına, həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Prezidentimizin dediyi kimi, yeni yaradılacaq şərait işğaldan əvvəlki dövrdə qurulan şəraitdən dəfələrlə yaxşı olmalıdır. Təbii ki, bu 30 ildə dəyişən, yenilənən texnologiyadan asılı məsələ deyil. İşğaldan azad edilən ərazilərimizdə “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri icra edilir. Bu konsepsiya üzrə yeni və müasir məktəblər, bağça və xəstəxanalar, elektron idarəetmə mərkəzləri tikilir, turizm infrastrukturu yaradılır. Qeyd edək ki, bütün yaşayış evləri, inzibati və ictimai iaşə binaları, sosial obyektlər, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Əlbəttə, bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına töhfə verəcək. Onu xatırladaq ki, Qarabağda həyata keçirilən layihələrin icrası üçün xarici şirkətlər də cəlb edilir. Prezidentimiz bu barədə danışarkən bildirir ki, biz ilk gündən yalnız dost və müttəfiq dövlətlərin şirkətlərilə əməkdaşlıq qururuq. Bunlar əsasən Türkiyə, İtaliya, İsrail, Böyük Britaniya və digər ölkələrin şirkətləridir. Yeri gəlmişkən, yeni icra edilən layihələrdən olan “ağıllı” təsərrüfat sistemi meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir standartlara uyğun şəkildə davam etdirməyə şərait yaradır. Yeni yaradılacaq sistem təkcə kənd təsərrüfatının deyil, həm də müasir şəhərsalma standartlarının yüksəlməsi deməkdir. Belə ki, dövrün standartlarına uyğun olaraq inkişaf etdirilən şəhərsalma prosesinin tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik, Günəş paneli stansiyalarının yaradılması, bioqaz enerjisindən istifadə üçün yeni sistemlərin qurulması bu layihələrin əsas elementlərini təşkil edir. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərimizdə davam edən bərpa-quruculuq işlərinin miqyası o qədər böyükdür ki, bir yazıda tam ifadə etmək mümkün deyil. Ümid edirik ki, bu işlər bundan sonra da yüksək səviyyədə və sürətlə davam etdiriləcək, Böyük qayıdış prosesi qısa müddətdə həyata keçiriləcək və həmin torpaqların həqiqi sahibləri öz yurdlarına qayıdacaqlar. Vüqar İsayev, YAP Göygöl rayon təşkilatının sədri aia.az Geri dön |