Ana Sayfa > Gündəm > "Heyif atəşkəs oldu, yoxsa erməniləri iti qovan kimi qovurduq"

"Heyif atəşkəs oldu, yoxsa erməniləri iti qovan kimi qovurduq"


11-05-2016, 21:09. Yazar: admin
"Heyif atəşkəs oldu, yoxsa erməniləri iti qovan kimi qovurduq"






Keçmiş döyüşçülərin təşəbbüsü, Müdafiə Nazirliyinin icazəsi ilə bir qrup Qarabağ qazisi cəbhə bölgəsinə yollanıb.

Milli.Az bildirir ki, keçmiş döyüşçülərlə birlikdə 4 günlük cəbhə xəttində ölkə.az-ın əməkdaşı da olub.

Cəbhədə baş verənlər, əsgərlərimizin vəziyyəti, təlimlərlə bağlı silsilə yazıları hissə-hissə sizə təqdim edirik:

Haramı düzündəyik. Günortadır. Cəbhəyə yollanan keçmiş döyüşçülərin hamısı bir aradadır. Müdafiə Nazirliyinin bizim üçün ayırdığı avtobusda hər kəs gördüklərini və keçirdiyi hissləri bir-biri ilə bölüşür. Bu dəfə gedəcəyimiz yer təlim məntəqəsidir. Uzaqdan tanklar, BMP-2-lər və əsgərlərimiz görünür. Keçmiş döyüşçülər, Rizvan Məmmədvəliyevlə Rövşən Həsənov arasında maraqlı mübahisə yaranır. BMP-2-ləri göstərən Rizvan Məmmədvəliyev bu döyüş maşınını "Ceyran" adlandırır, Rövşən Həsənov isə BMP-2-nin "Ceyran" yox, "Dağ keçisi" olduğunu deyir. Keçmiş döyüşçülər sonda BMP-2-yə "Dəmir at" deyərək ortaq məxrəcə gəlirlər.



Təlim məntəqəsinə çatırıq. Əsgərlərimizlə görüşürük. Bu zaman korpus komandiri general Mais Bərxudarov və Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da təlim məntəqəsinə gəlir. Keçmiş döyüşçülərlə Mais Bərxudarov və Eyvaz Hüseynov görüşüb, söhbətləşirlər. Bu zaman isə Birinci Qarabağ müharibəsində BMP-lərdə döyüşən Rizvan Məmmədvəliyevlə Rövşən Həsənov BMP-lərə tərəf qaçırlar. Keçmiş döyüşçü, ehtiyatda olan zabit, polkovnik-leytenant Nazim Bayramov isə tanka tərəf gedir. Bir qədər səmimi söhbətdən sonra general Bərxudarov əsgər və zabitlərin düzülüş əmrini verir. Əsgərlər kimi keçmiş döyüşçülər də sıraya düzülürlər.



Mais Bərxudarov üzünü əsgərlərə tutaraq keçmiş döyüşçüləri onlara təqdim edir və "Bu döyüşçülər Birinci Qarabağ müharibəsində qan töküb, yaralanmış veteranlardır. Sırada duranların çoxunun ayağı yoxdur, bəzisinin isə əli yoxdur. Aprel ayının əvvəlindəki döyüşlər zamanı evdə otura bilməyib gəldilər və yenə buradadırlar. Bunlar o zaman döyüşəndə mən sizin tək əsgərlərin sırasında idim. Bunlar öz canlarından başqa yoldaşlarının tökülən qanlarını görüblər. Yoldaşları şəhid olub. Bu döyüşçülər bu dəqiqə şəhid yoldaşlarının qanını almaq üçün döyüş istəyir. General Bərxudarov üzünü keçmiş döyüşçülərə tutaraq "siz döyüşçüləri" və üzünü əsgərlərinə tutaraq "siz döyüşçüləri" bir arada gördüyüm üçün çox sevinirəm" deyir.

General Bərxudarov bundan sonra sözü keçmiş döyüşçü, ehtiyatda olan zabit, polkovnik Xətai Baxışova verir. Xətai Baxışov üzünü əsgərlərə tutub deyir, biz buraya təkcə söhbət etməyə gəlməmişik. Müharibə olsun, biz də silah götürüb sizinlə birlikdə döyüşəcəyik.



Bundan sonra əsgərlərin qarşısında keçmiş döyüşçü Etimad Əsədov çıxış edir:

"3 gündür döyüş bölgəsindəyik. Əsgərlərimizin, zabitlərimizin durumu ilə maraqlanırıq. Sizləri görəndən sonra anladıq ki, ordumuz çox güclü və cəsarətlidir. Son döyüşlərdə işğaldan azad etdiyiniz starateji yüksəkliklər bir daha sizin necə qəhrəman olduğunuzu göstərdi. Səngərlərdə olarkən əsgərlərimizdə ruh yüksəkliyinin necə olduğunu, əsgərlərimizin necə sevinclə postda durduğunu gördük. Onlara da dedik, sizə də deyirik, əgər müharibə başlayarsa, yenidən döyüşməyə hazırıq. Döyüşüb işğal altındakı torpaqlarımızı geri qaytaracağıq. Siz və xalqımız qələbənin şirinliyini dadmağa layiqsiniz!".



Əsgərlərimizin qarşısına keçmiş döyüşçü, ehtiyatda olan zabit, polkovnik-leytenant Nazim Bayramov çıxır:

"Son döyüşlər sübut etdi ki, siz hər an düşməni məğlub etməyə hazırsınız. 2 yüksəkliyin əhəmiyyəti əslində oranı ələ keçirməyimizlə məhdudlaşmır. İşğaldan azad etdiyimiz 2 yüksəklik xalqımızın milli qürurunu bərpa etdi. Biz də sizin kimi Ali baş komandanın yaxın zamanda "İrəli" əmrini gözləyirik. Hələ ki, sizinlə döyüş təcrübəmizi bölüşürük, ancaq müharibə olan zaman sizinlə çiyin-çiyinə olacağıq. Sizə çoxlu salamlar gətirmişik. Elə bilməyin ki, siz burada düşmənlə üz-üzəsiniz, ancaq sizi düşünmürlər. Hər kəsin ürəyi sizinlədir. Sizinlə qürur duyuruq. Nə qədər təlim çətin olsa, döyüş o qədər asan olacaq".

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov üzünü əsgər və keçmiş döyüşçülərə tutaraq deyir:

"Qardaşlarım, əsgər balalarım, sizin yanınızda olmağa şadam. Bu gün sizinlə görüşə vətən qarşısında canlarını fəda edən, illərlə düşmənlə döyüşən, səngərlərdə duran oğullarımız gəlib. Bu dəqiqə millətimizin, xalqımızın qarşısında çox müqəddəs bir vəzifə durur. Bizim torpaqlarımızın 20%-i düşmən tərəfindən işğal olunub. Biz buna dözə bilmirik. Hazırda çox qüdrətli ordumuz var. Biz hamımız müharibəyə hazır olmalıyıq. Onlar belə təbliğat aparıb ki, erməni ordusuna qalib gəlmək olmaz, erməni ordusu məğlubedilməzdir. Azərbaycan ordusu, sizlər bir həmlədə ermənilərin yaratdığı mifi darmadağın etdiniz. Biz göstərdik ki, ermənilər bizim qarşımızda dura bilməz. Çünki biz həqiqət uğrunda, haqq uğrunda vuruşuruq. 22 ildən sonra bizim qəddimizi, zədələnmiş qürurumuzu düzəltdiyinizə görə siz əsgərlərin qarşısında baş əyirəm".



Eyvaz Hüseynovun çıxışından sonra əsgərlərimiz tağım-tağım oturur, keçmiş döyüşçülərimiz isə onlarla səmimi söhbətə başlayırlar.



Biz isə bu zaman keçmiş döyüşçü Rey Kərimoğlu ilə söhbət edirik.

- Əsgərlərimizi necə gördün?

- Vallah, belə təsəvvür etmirdim. Hamısında əhval-ruhiyyə çox yüksəkdir. Kazarmalarda olduq, yeməkxanalarda olduq, son dərəcə razı qaldım.

- Hərbi forma geyinəndən sonra gözlərin gülür...

- Ləzzət elədi. O günlər yadıma düşdü. Ancaq bu dəfə tamam fərqlidir. Həqiqətən çox sevinirəm.

Əsgər Vəliyevlə söhbət edirik.

- Təlimlər necə gedir?

- Əla. Təlim ağır keçəndə döyüş də asan olur. Biz Lələtəpə yüksəkliyini azad edəndə bunun şahidi olduq.

- Qorxu var?

- Ayıb etdin. Nə qorxmaq? Heyif, atəşkəs oldu, yoxsa erməniləri iti qovan kimi qovurduq torpaqlarımızdan.

Vəliyevin əlini sıxıb sağollaşanda deyir:

- Siz bilərsiniz, niyə atəşkəs elan etdilər?

- İstəmirdiniz?

- Qətiyyən.

Əsgərlərlə keçmiş söhbətləri bitirəndən sonra korpus komandiri general Mais Bərxudarov əsgərləri bir araya yığır və yüksək səslə deyir:

"Biz Azərbaycan əsgəriyik! Hər yerə girəcəyik! Cəbrayıla, Füzuliyə, Qubadlıya, Zəngilana, Xankəndinə, Şuşaya, Laçına, Ağdama! Azərbaycan əsgəri ölməz! Vətən bölünməz!"

General Bərxudarovun dediklərini əsgərlər eyni anda uca səslə təkrar edirlər. Adamın tükləri biz-biz olur. Bir zabitimizin sözü yadıma düşdü, mənim əsgərim elə bağırmalıdır ki, o səsdən anasının bətnində olan erməni körpəsi belə vahilənməlidir. Eyni anda çıxan o səs həmin sözləri xatırlatdı.



Bundan sonra təlimlər başlayır...

Görüş bitdikdən sonra isə Lələtəpənin işğaldan azad edilməsində xüsusi əməyi olan BMP-2 ekipajı ilə söhbət edirik.

aia.az
Geri dön