Ana Sayfa > Seçki 2024 > Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir

Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir


17-03-2022, 09:49. Yazar: sevinc1
Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir

Novruz xalqımızın ən sevimli bayramıdır. Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını qeyd etmişdir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə bu bayram hər bir Azərbaycan ailəsində qeyd edilirdi. Bu gün isə müstəqil Azərbaycanda bu bayram dövlət bayramı kimi qeyd edilir. Azərbaycan xalqı milli mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlamışdır. Bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli mənəvi dəyərlər üzərində qurulmuşdur. Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün milli dəyərlər, Azərbaycan dəyərləri hər şeydən üstündür. Müasir müstəqil Azərbaycan dövləti bu möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə uğurla və sürətlə inkişaf edir. Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Novruzun qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan Ulu Öndər Heydər Əliyev bu bayramı imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız nəcib adətlərin, milli dəyərlərin, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlamışdır. Novruz çətinliklərdən keçərək öz haqqına qovuşdu.

Milli adət-ənənələrimizi özündə yaşadan bu bayramın tarixi çox qədimdir və müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıb. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Bu milli bayramın indi yüksək şəkildə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. 1993-cü ildən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan, onun ideya və fikirlərini öz siyasi fəaliyyətində yaşadan cənab Prezident İlham Əliyevin də Novruz bayramına qarşı xüsusi bir münasibəti vardır. Müsətqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük coşqu və təmtəraqla qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, keçirilən el şənliklərində iştirak edir. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları məlumatlıdırlar.

Belə ki, Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən isə, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.

Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə Ulu Öndər Heydər Əliyevin və xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını böyük həsrətlə gözləyirdi. Allaha çox şükürlər olsun ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq ikinci ildir ki, həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir. Bizi bu arzulara qovuşduran Müzəffər Ali Baş Komandana sonsuz təşəkkür edirik, Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, erməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətəndaşlarımıza Allahdan şəfa diləyirik!

Aqşin Əliyev
YAP Saatlı rayon təşkilatının məsul işçisi


Geri dön