Ana Sayfa > Parlament > Könül Nurullayeva Nizami rayonunda uzun illərdir həllini gözləyən problemi yenidən qaldırdı
Könül Nurullayeva Nizami rayonunda uzun illərdir həllini gözləyən problemi yenidən qaldırdı16-03-2022, 11:31. Yazar: sevinc1 |
“Ötən 2021-ci il ərzində seçildiyim Nizami rayonunda uzun ilərdən bəri qalmış bir sıra problemlərin həll edilməsi, o cümlədən vətəndaş müraciətlərində qaldırılan bir çox məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına ünvanladığım müraciətlərə ciddi yanaşılmış, qanunvericiliyin yol verdiyi və səlahiyyətləri daxilində problemlərin həllinə nail olunmuşdur.” Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva hökumətin 2021-ci ilə dair hesabatının müzakirəsi çərçivəsində qeyd edib. Bildirib ki, bu vaxta qədər Nizami rayonu Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/44 ünvanında, mənzillərin üzərindən keçən, uzun illərdir ki həllini gözləyən yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsinə nail olunub. Eyni zamanda Nizami rayonunda yaşayan şəhid ailələrinin sosial problemləri həll edilib, müxtəlif istiqamətlər üzrə çoxsaylı vətəndaş müraciətlərinə aidiyyəti qurumlar tərəfindən operativ reaksiya verilərək ərizəçilərin xeyrinə həll edilib. Bununla belə deputat uzun illərdir həllini gözləyən problemə toxunub: “Keşlə qəsəbəsində yaşayan sakinləri narahat edən, uzun illər müxtəlif səbəblərdən həll edilməmiş əsas problemlərdən biri də, Keşlə qəsəbəsindən keçən Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsidir. Aidiyyəti dövlət qurumlarına etdiyim müraciətlər araşdırılaraq, qeyd olunan küçənin yenidən qurulması məqsədə müvafiq hesab edilmiş və bu haqda İqtisadiyyat Nazirliyinə rəsmi cavablar verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi də öz növbəsində Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsi işləri üçün böyük məbləğdə maliyyə vəsaitinin tələb olunacağını nəzərə alaraq, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadənin vacibliyi baxımından mövcud problemin həlli məsələsinə Bakı Nəqliyyat Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsas götürülməklə məqsədəmüvafiq hesab etmişdir.” Millət vəkili qeydləri nəzərə alaraq, 2022-ci ilin dövlət investisiya xərcləri çərçivəsində Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurulması üçün aidiyyəti qurumlara müvafiq maliyyə vəsaitinin ayrılmasına köməklik göstərməyi xahiş edib. aia.az Geri dön |