Ana Sayfa > Seçki 2024 > Novruz bayramı Azərbaycan xalqının zəngin tarixi və rəngarəng folklorunu özündə ehtiva edir

Novruz bayramı Azərbaycan xalqının zəngin tarixi və rəngarəng folklorunu özündə ehtiva edir


15-03-2022, 18:23. Yazar: sevinc1
Novruz bayramı Azərbaycan xalqının zəngin tarixi və rəngarəng folklorunu özündə ehtiva edir

Novruz bayramı Azərbaycan xalqının zəngin tarixi və rəngarəng folklorunu özündə ehtiva edir. Hər bir qədim xalqın özünə məxsus bayramları olduğu kimi bizim xalqımızın da öz milli adət və bayramları vardır.Bu bayramların içində xalqımıza ən əziz,ən doğma,ən sevimli olanı Novruz bayramıdır! Novruz təkcə onu keçirən türk xalqlarının deyil,ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.

Novruz «təzə il» deməkdir,baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki,bu bayramı yüksək təntənə ilə,ürək sevinci ilə,qəlb fərəhi ilə qarşılasın.Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir.Analar,bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. El tonqal başına yığışır,küsülülər barışır,qohumlar,dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də,qatarda da məktəbdə də,idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!» 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur,küsülülər barışır,ziddiyyətlər aradan götürülür.Demək,bu,dostluq,həmrəylik,yüksək mənəviyyat bayramıdır.” Novruz bayramı halallıq,təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər.Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur.Bu da Novruzun dünyanın ən qədim,ən müdrik bayramlarından biri olduğunu göstərir.Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur. Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır,müxtəlif oyunlar keçirirlər.Novruzun bir bəzəyi də kosa və keçəldir.Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir,onları əyləndirirlər. Novruz bayramı zamanı olub-keçənlər də yad edilir.Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir.

Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur.Məhz Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və Azərbaycanın rəşadətli ordusunun gücü sayəsində artıq Azərbaycan xalqı Novruz Bayramını daha böyük sevinclə qeyd edir. Çünki, xalqımızın əzəli adət-ənənələrindən olan bu bayram artıq Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ulu Öndər Heydər Əliyevin söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Kəlamları bu gün reallığa çevrilib.Məhz xalqımızın müdrik Lideri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz Bayramı xalqımızda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

Rövşən Qurbanov,
YAP Goranboy rayon təşkilatının məsul işçisi
aia.az

Geri dön