Ana Sayfa > Seçki 2024 > Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olub

Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olub


15-03-2022, 14:18. Yazar: sevinc1
Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olub

Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.

Keçən il olduğu kimi, Yaz bayramının Odlar diyarına builki gəlişini də Qələbə əhvalımızın davamı ilə qeyd edirik. Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

Dövlətimizin başçısı cənab İlham Əliyev Prezident seçiləndon sonra hər dəfə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdi ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpasına nail olacağıq, Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik. Və o günü görmək bizə qismət oldu. Allah Azərbaycan xalqının dualarını eşitdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı altında Müzəffər Azərbaycan Ordusu şanlı Qələbə qazandı, düşməni işğal altında saxladığı ərazilərimizdən qovdu. İndi qarşımızda zəhmət meydanında şücaət göstərmək, Qarabağı, Şərqi Zəngəzuru dirçəltmək vəzifəsi durur.
Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olub. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmayıb, dövlət səviyyəsində qeyd olunmuş, xalqımızın həyatını bütöv şəkildə əhatə edib. Varlılar da, kasıblar da Novruzu qeyd edib, xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlib, bayramı birgə qeyd etmiş, bayram sevinci ümummilli dəyər halına gəlib. Bu da öz növbəsində xalqımızı birləşdirmiş, bütövləşdirib, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirib. Novruz bayramı milli dövlətçilik ənənəsində o dərəcədə mühüm yer tutub ki, orta əsrlərdə Azərbaycanda, İranda olmuş Avropa səyyahlarının xatirələrində – səyahətnamələrində də əks olunub. Bu bayram XX əsrə qədər Azərbaycanda böyük coşqu ilə qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyəti Novruz bayramına milli bayram kimi böyük əhəmiyyət verib. Bunu AXC dövründə Novruz bayramının yüksək səviyyədə keçirilməsini təmin edən hüquqi sənəd də sübut edir.

Azərbaycanın öz müstəqilliyinə qovuşması ilə Novruz bayramı da milli əsarətdən xilas oldu. Əslində, Novruz milli müstəqilliyin bayramına çevrildi. Novruz bayramı insanların təkcə sevindiyi, şadlandığı, yazı – yeni ili qarşıladığı şənlik deyildir. O, minilliklər, əsrlər boyunca xalqımızın milli birliyini, milli bütövlüyünü və milli dövlətçilik düşüncəsini qoruyub, yaşadıb. Novruzun Müstəqil Azərbaycanın dövlət quruculuğuna verdiyi töhfələr bunu bir daha sübut etməkdədir. Bu bayram xalqımızın adını, mədəniyyətini bütün dünyada tanıtmaqda və ona böyük şöhrət gətirməkdədir. Novruz bayramı 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzun bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Hər il Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı, Ulu Öndərin siyasi kursunun davamçısı cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası, partiyanın yerlərdəki təşkilat özəkləri yerli icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri ilə birlikdə Novruz bayramı günlərində şəhid ailələrinin, müharibə əlillərinin, ahılların, aztəminatlı insanların, valideyn himayəsindən məhrum uşaqların ziyarət olunması aksiyasını keçirir, bayram sovqatları paylanılır. Səmimi görüşlər zamanı həssas kateqoriyadan olan insanların qayğıları və onları narahat edən problemlər diqqətlə dinlənilir və həmin məsələlərin tezliklə həll edilməsi üçün tədbirlər görülür.

Azərbaycan xalqını, dünya azərbaycanlılarını əziz Novruz bayramımız münasibətilə təbrik edir, hər bir ailəyə sevinc dolu günlər arzulayıram.

Arif Fərzəliyev,
Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri


Geri dön