Ana Sayfa > Təhsil > Müdafiə Nazirliyinin hərbi liseylərinə namizədlərin qəbulu qaydaları elan olunub

Müdafiə Nazirliyinin hərbi liseylərinə namizədlərin qəbulu qaydaları elan olunub


28-02-2022, 13:12. Yazar: admen
Müdafiə Nazirliyinin hərbi liseylərinə namizədlərin qəbulu qaydaları elan olunub

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022-2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədris Azərbaycan dilində olmaqla əyani formada iki il müddətində aparılır. Hərbi liseylərə cari il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlar qəbul edilir. Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunacaq və ayda 51 manat məbləğində müavinət alacaqlar.

Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 2022-ci il aprelin 1-dən aprelin 30-dək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər.

Müraciət zamanı təqdim edilməli olan sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Namizədlər müraciət etdikləri Hərbi Liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.

Hərbi həkim komissiyasının qərarına əsasən, Hərbi Liseydə təhsil almağa yararlı hesab edilən namizədlər internet vasitəsilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir. Sonra namizəd həmin şifrə və iş nömrəsi ilə Hərbi Liseyin sənəd qəbulu komissiyasına gələrək elektron ərizə formasını təsdiq edirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan müddətdə namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi elektron saytında şifrə və iş nömrəsini daxil etməklə qəbul imtahanına buraxılış vərəqəsi alırlar.

Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə yekun qiymət “2” olan namizədlərə imtahana buraxılış vərəqəsi verilmir və onlar Hərbi Liseyə qəbul olunmurlar.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənləri üzrə Azərbaycan dilində aparılır.

Namizədlər Hərbi Liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.

Sənədlər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 1 (əlaqə telefonu: 012-479-80-24).

Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).

Elektron ərizələrin doldurulması, imtahana buraxılış vərəqəsinin verilməsi, imtahanların başlama tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.

Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet saytında yerləşdiriləcək: www.mod.gov.az

AİA.Az
Geri dön