Ana Sayfa > Seçki 2024 > Gədəbəy rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Gədəbəy rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.


26-02-2022, 14:30. Yazar: admen
Gədəbəy rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir  keçirilib.

AİA.Az xəbər verir ki, 25 fevral 2022-ci il tarixində YAP Gədəbəy rayon təşkilatı və Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilib.

Öncə Xocalı soyqırımında, o cümlədən Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsindən bəhs etdi. Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan ediblər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb, genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı olaraq, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. “Artıq Xocalı faciəsini məyusluqla yad etmirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı geri aldı. Böyük Zəfərimizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı”- deyə YAP sədri vurğulayıb.

Sonra tədbirdə çıxış edən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev və digər şəxslər Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışmış, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirmişdir.

Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar.
Geri dön