Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan bütün inteqrasiya layihələrini yalnız milli maraqlara uyğunluq aspektindən müzakirə edir”

Novruzəli Aslanov: “Azərbaycan bütün inteqrasiya layihələrini yalnız milli maraqlara uyğunluq aspektindən müzakirə edir”


25-02-2022, 16:17. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycan bütün inteqrasiya layihələrini yalnız milli maraqlara uyğunluq aspektindən müzakirə edir”

Bu gün Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, ölkəmizin artıq sadəcə Cənubi Qafqaz regionunda deyil, həmçinin bütün Avrasiya məkanında mövqelərini inamla möhkəmləndirməsi bir çox digər ölkələr kimi qonşu Rusiyada da böyük maraqla izlənilir. Əlbəttə ki, ölkələrimiz arasında uzun illər davam edən strateji əməkdaşlıq münasibətləri və tarixi kökləri daha uzaq keçmişə dayanan mədəni, iqtisadi, elmi və digər sahələri əhatə edən əlaqələr də bu marağın formalaşmasında xüsusi rol oynayır. Bununla belə, fevral ayının 22-də Moskavada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə iki ölkə arasında münasibətlərin artıq yeni, daha yüksək və təkmil formata keçidini anonslamış oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirdiyi görüşün gedişində də media nümayəndələri ən çox məhz bu sənədin ətrafında dövlətimizin başçısına suallar ünvanlayırdılar. Digər tərəfdən isə, erməni təbliğatını hələ də Cənubi Qafqazda gedən proseslərə hansısa təsir gücünə malik ola biləcək vasitə hesab edən bəzi dairələrin təmsilçiləri bu görüşdən də Azərbaycanın mövqelərinə qarşı müəyyən həmlələr etmək üçün istifadə etməyə çox çalışdılar. Lakin Prezident İlham Əliyevin əhatəli və sərrast cavabları belə cəhdlərin mənasız və gülünc olduğuna dair heç kimdə şübhə qoymadı.

Bunu mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin fevralın 23-də Rusiyanın aparıcı KİV rəhbərlərinə verdiyi müsahibəsi də hər zaman olduğu kimi dolğunluğu, əhatəliliyi və güclü məntiqi ilə seçilib: “Əlbəttə ki, Rusiyanın KİV nümayəndələrini daha çox maraqlandıran məsələlər ilk növbədə ölkələrimiz arasında müttəfiqlik fəaliyyətinə dair yeni imzalanmış Bəyannamə ilə bağlı idi. O cümlədən “İnterfax” Agentliyinin baş direktoru Mixail Komissar tərəfindən verilmiş və Azərbaycanın Moskva Bəyannaməsinin imzalanmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Şanxay Əməkdaşlıq Təşkilatına tərəf meyil edə biləcəyi ilə bağlı sual maraq doğurmaya bilməzdi. Qeyd etmək lazımdır ki, məxsusi olaraq Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı bəzi maraqlı və diqqətə alınması vacib olan məqamlar var. Məsələ bundadır ki, Azərbaycan bu qurumla qarşılıqlı əməkdaşlıq yaradılması istiqamətində ilk addımı artıq bir müddət bundan əvvəl atıb. Bu barədə açıqlama verən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu təşkilatla artıq bir neçə ildir ki, dialoq üzrə tərəfdaşdır. Həmçinin bir neçə il bundan əvvəl ölkəmiz öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət edib. Maraqlıdır ki, Azərbaycanın statusunun yüksəldilməsi üçün faktiki olaraq heç bir hüquqi və siyasi əngəl olmasa da, bu məsələ indiyə qədər naməlum səbəblərdən baş tutmayıb. Lakin Azərbaycan ətrafında vəziyyət sürətlə dəyişməkdədir. Xüsusən də Vətən müharibəsində əldə olunan tarixi Qələbə və torpaqlarımızın işğaldan azad edilməsi fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, transmilli konsorsiumların və beynəlxalq təşkilatların sayı durmadan artır. Bu isə o deməkdir ki, istənilən zaman ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri də tamamilə yeni bir müstəviyə keçə bilər. Lakin bunu bilavasitə Rusiya ilə imzalanmış Bəyannamə ilə əlaqələndirmək doğru olmaz. Həmçinin Prezident İlham Əliyev istənilən inteqrasiya layihəsinin müzakirəsi zamanı əsas meyar kimi həmin layihənin məqsədəuyğunluğunun və milli maraqlarımıza nə dərəcədə cavab verməsinin əsas götürüldüyünü bir daha vurğuladı. Dövlətimizin başçısı bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük təklifi misalında izah edərək bildirdi ki, bu qurumda aparıcı rol Rusiyaya məxsusdur. Əgər Rusiyanın iştirakı olmasa KTMT faktiki olaraq heç bir səlahiyyətə və gücə malik olmaz. Azərbaycanın isə birbaşa Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri var. O cümlədən yeni imzalanmış Bəyannamənin 6-cı və 16-cı bəndləri zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Belən olan halda isə ölkəmizin əlavə olaraq hansısa təşkilata üzv olmasına heç bir zəryrət qalmır” – deyə N.Aslanov qeyd edib.

Daha sonra millət vəkili qeyd edib ki, Prezidnt İlham Əliyevin Rusiyanın KİV rəhbərləri ilə keçirdiyi görüş dövlət başçımızın növbəti dəfə erməni yalanlarını ifşa etməsilə də yadda qaldı. Novruzəli Aslanov bildirib ki, “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyan Azərbaycanı etnik əlamətə görə ölkəyə girişə qadağa qoyulmasında ittiham etməyə cəhd göstərsə də nəticədə özü səriştəsizliyini nümayiş etdirərək gülünc vəziyyətə düşmüşdür: “Aydındır ki, erməni əsilli rus jurnalistinin ölkəmizə qarşı növbəti dəfə informasiya həmləsinə cəhd göstərəcəyi gözlənilən idi. Amma bu da aydındır ki, belə qərəzli və təxribat xarakterli sualları özünün dərin bilikləri, hərtərəfli məlumatlılığı və istənilən sualı sərrast və əhatəli şəkildə cavablandırmaq bacarığı ilə dünyanın aparıcı KİV nümayəndələrini heyrətləndirən Azərbaycan Prezidentinə ünvanlayan şəxs məhz özünün sonda fiaskoya uğrayacağını da nəzərə almalıdır. Təbii ki, Prezident İlham Əliyev bu dəfə də bir neçə konkret misalla ölkəmizdə belə bir qadağanın olmadığını asanlıqla sübut etdi. Digər tərəfdən isə, dövlətimizin başçısı Azərbaycandan fərqli olaraq Ermənistanın monoetnik ölkə olduğunu, burada qonşu xalqların mədəniyyətlərinə qarşı dözümsüzlük şəraitinin hökm sürdüyünü və hətta Rusiya ilə müttəfiqlik iddialarına rəğmən ölkədə tədrisin rus dilində aparıldığı təhsil müəssisələrinin belə olmadığını diqqət mərkəzinə çəkdi. Həmçinin Azərbaycanda indi də minlərlə erməni əsilli vətəndaşın normal şəraitdə yaşadıqlarını xüsusi vurğulayan Prezident İlham Əliyev qarşı tərəfin bütün əsassız arqumentlərini puç etdi” – deyə N.Aslanov bildirib.

AİA.Az

Geri dön