Ana Sayfa > Gündəm > Lütvəli Şıxəliyev: “Rusiya ilə müttəfiqlik sənədinin imzalanması Azərbaycanın geostrateji maraqlarına xidmət edir”
Lütvəli Şıxəliyev: “Rusiya ilə müttəfiqlik sənədinin imzalanması Azərbaycanın geostrateji maraqlarına xidmət edir”23-02-2022, 12:07. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış, çoxvektorlu xarici siyasət kursu bütünlüklə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəldilib. Fevral ayının 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə bunu bir daha sübut edir. Bəyannamənin bütün bəndləri bunu deməyə əsas verir ki, bu sənədin imzalanması Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması naminə atdığı növbəti mühüm addımdır. Məlumdur ki, Azərbaycanın əsas xarici siyasət prioriteti region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaqdır. O cümlədən Qoşulmama Hərəkatına üzv olmağımız və ölkəmizin hərəkata uğurla sədrlik etdiyi dövrdə qlobal sülh naminə irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr də bundan xəbər verir. Təbii ki, Azərbaycan üçün ilk növbədə qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir. Çünki öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bu da məlum faktdır ki, Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyədir. 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə daşıdı. Sənəd hər iki ölkənin parlamentində ratifikasiya olunub, dövlət rəhbərləri tərəfindən təsdiqlənib. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Eyni zamanda Azərbaycanın qonşu Gürcüstan və İranla da münasibətləri yüksək səviyyədədir. Həmçinin ölkəmizin Avropa İttifaqı ilə də münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı Azərbaycandır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir. Digər tərəfdən Azərbaycanın NATO ilə də münasibətləri uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasını və bu münasibətlərin inkişafını təmin edib. Məhz bu siyasət Azərbaycanı geosiyasi təlatümlərdən qoruyub və indi də qorumaqda davam edir. Azərbaycanın yüksək münasibətlərə malik olduğu ölkələrdən biri də Rusiyadır. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq qura bilib. Birmənalı olaraq qeyd olunmalıdır ki, Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusilə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqlar baxımından Azərbaycan üçün çox əhəmiyyətlidir. Etiraf olunmalıdır ki, müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni regional düzənin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eynitipli bəyannaməni Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz tarixi Qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından əhəmiyyətlidir. Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də budur ki, bu sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Beləliklə, Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşırlar. Heç şübhəsiz Azərbayca bu bəyannamə ilə geosiyasi toqquşmanın yaşandığı dünyada öz təhlükəsizliyini daha da artırır, ərazi bütövlüyü və suverenliyinin qorunmasında əlavə güc əldə edir. Lütvəli Şıxəliyev, YAP Saatlı rayon təşkilatının sədri Geri dön |