Ana Sayfa > Ölkə > Namidə Abbasova: “Ağdamda bərpa-quruculuq işləri artan dinamika ilə davam edir”

Namidə Abbasova: “Ağdamda bərpa-quruculuq işləri artan dinamika ilə davam edir”


16-02-2022, 11:00. Yazar: sevinc1
Namidə Abbasova: “Ağdamda bərpa-quruculuq işləri artan dinamika ilə davam edir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi bütün digər səfərləri kimi, fevralın 13-də baş tutmuş Ağdama səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar oldu. İlk növbədə səfər çərçivəsində Ölkə Prezidenti Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməlini qoydu. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri Namidə Abbasova deyib.

Müsahibimiz qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı görülən kompleks tədbirlər qısa müddət ərzində bölgənin sürətli inkişaf mərhələsinə keçidini təmin edəcək: “Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra etdiyi çıxışında rayonun inkişafı məqsədilə dövlət tərəfindən görülən kompleks tədbirlər, həyata keçirilən iri miqyaslı infrastruktur layihələr barədə detallı açıqlamalar verməklə yanaşı, eyni zamanda da Azərbaycanlı iş adamlarının bu işlərdə daha aktiv olmalarının vacibliyini qeyd etdi. Həqiqətən də Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən dirçəlməsi üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması da məhz bu addımlardan biridir. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. O cümlədən Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın sürətləndirmək məqsədi güdür”.

Həmçinin Namidə Abbasova qeyd edib ki, bu gün Qarabağda yerli və beynəlxalq turizmin inkişf etdirilməsi üçün əhəmiyyətli işlər görülür və Ağdamda yeni mehmanxananın inşasına başlanması da bu işlərin bir hissəsidir: “Məlum olduğu kimi, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Ölkəmiz bütün dünyada getdikcə daha çox sevilən beynəlxalq turizm məkanlarından birinə çevrilməkdədir. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələrə start verilir. O cümlədən Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyev burada “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası birmənalı olaraq bütün bölgənin turizm potensialının inkişafına mühüm töhfə olacaq. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir”.

AİA.Az
Geri dön