Ana Sayfa > Seçki 2024 > Şöhrəddin Verdiyev: “Azərbaycanın təklif etdiyi regional layihələr Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olmasına zəmin yaradır”

Şöhrəddin Verdiyev: “Azərbaycanın təklif etdiyi regional layihələr Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olmasına zəmin yaradır”


10-02-2022, 10:19. Yazar: sevinc1
Şöhrəddin Verdiyev: “Azərbaycanın təklif etdiyi regional layihələr Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olmasına zəmin yaradır”

“44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasını nəzərdə tutan xəyanətkar planlar alt-üst oldu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanan Azərbaycan həm qondarma Dağlıq Qarabağ üçün bizdən tamamilə əsassız olaraq tələb edilən hər hansı bir muxtariyyət statusuna dair bütün iddiaları tarixin zibilliyinə atdı, həm də ümumiyyətlə belə bir inzibati ərazi adını yox etdi. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsi Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Noyabr ayının 8-də Şuşanı azad edən Azərbaycan Ordusu düşməni diz çökdürdü və bir gün sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktını imzaladı. Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin rəisi Şöhrəddin Verdiyev deyib.

Müsahibimiz ilk olaraq belə bir məqamı vurğulayıb ki, əslində Azərbaycan hər zaman bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub və yalnız bütün imkanlar tükəndikdən sonra ölkəmiz hərbi əməliyyatlar yolu ilə öz torpaqlarını azad etməyə məcbir qalıb: “İşğalın davam etdiyi bütün bu illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim müharibəyə hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Azərbaycan Prezidenti hər zaman deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Əlbəttə ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı çox güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini deyirdi. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Lakin bu ağır məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!” Nəhayət həmin gün gəlib çatdı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.”

Daha sonra öz fikirlərini davam etdirən Ş.Verdiyev bildirib ki, hələ də ağılları başlarına gəlməmiş və hələ də özlərini Azərbaycana təsir edə bilmək üçün hansısa imkanlara malik durumda zənn edən erməni başbilənləri Prezident İlham Əliyevin xəbərdarlıq mesajları ətrafında yaxşıca düşünməlidirlər: “Bu gün Ermənistan rəhbərliyinin hələ də Azərbaycanla sülh müqaviləsini imzalamaması, Azərbaycan-Ermənistan sərhəddində təxribatlara yol verilməsi, ara-sıra eşidilən təhdid xarakterli bəyanatlar bunu deməyə əsas verir ki, revanşist əhval-ruhiyəli qüvvələr hələ də Ermənistanda müəyyən mövqelərə sahibdirlər. Bu qüvvələr özləri ilə bərabər bütün ölkəni və və erməni xalqını yeni fəlakətlərə doğru sürükləməkdə davam edirlər. Əlbəttə, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. Lakin əgər Ermənistanın daxilində gedən proseslər hər hansı bir formada Azərbaycanın maraqları ilə ziddiyyət yaradarsa, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir şəkildə təhdid əlamətləri ortaya çıxarsa, o zaman Azərbaycan buna dərhal adekvat reaksiya verəcək. Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxış və müsahibələrində bunu dəfələrlə vurğulayıb.”

Həmçinin Şöhrəddin Verdiyev belə bir məqamı da qeyd edib ki, bu gün Azərbaycanın təklif etdiyi regional layihələr Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olması baxımından xüsusi önəm kəsb edir: “İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Məlum olduğu kimi, noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvana aparan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu istiqamətdə işlər görülür. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihənin icrası ilə uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, Azərbaycanın həm strateji, həm iqtisadi, həm də siyasi məqsədləri həyata keçiriləcək. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Digər tərəfdən isə, möhtərəm Prezidentimizin dediyi kimi, bölgənin digər ölkələri də bu layihəyə öz müsbət qiymətini vermişlər. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, regionun uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr bu layihələrdən faydalana biləcəklər.”
Geri dön