Ana Sayfa > Seçki 2024 > Azər Əhədzadə: “Vətənpərvər gənclik azad və müstəqil Azərbaycanı əbədi yaşadacaq”

Azər Əhədzadə: “Vətənpərvər gənclik azad və müstəqil Azərbaycanı əbədi yaşadacaq”


9-02-2022, 11:00. Yazar: sevinc1
Azər Əhədzadə: “Vətənpərvər gənclik azad və müstəqil Azərbaycanı əbədi yaşadacaq”

“Bu gün Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi, zəngin mədəni-tarixi irsimizi qoruyub yaşadır və inkişaf etdirir. Gəclərimiz bütün hallarda ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, məşğul olduqları istənilən sahədə yüksək vətəndaşlıq hisslərinə sahib olduqlarını nümayiş etdirirlər. Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən Prezident İlham Əliyev öz çıxışında bu məsələni xüsusi olaraq vurğuladı və bildirdi ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Vətənpərvər gəncliyi olmayan dövlət heç zaman müstəqil və güclü ola bilməz. Bunu hər kəsdən daha yaxşı bilən ulu öndər Heydər Əliyev idi. Məhz buna görə də Ümummilli Lider müstəqilliyimizin ilk illərində, xalqın tələbi ilə ölkədə ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra gənclərin yüksək potensiallarını milli maraqlarımızın müdafiəsinə səfərbər edən möhtəşəm strategiya işləyib hazırladı və bu strategiya Azərbaycan gəncliyinin vətənpərvər ruhda formalaşmasını təmin etdi. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Ölkəmiz Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünü bərpa edib, 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytarıb. Heç şübhəsiz, bu böyük Zəfərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin fədakarlığı sayəsində Tarixi Qələbə əldə olundu. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşmasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti aparıcı rol oynayır.”

Bu sözləri saytımıza açıqlamasında Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Azər Əhədzadə deyib.

Müsahibimiz ilk növbədə qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənc nəslə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi: “Ümummilli Liderimiz böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən ulu öndər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ulu öndərin ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra isə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Gənclər Forumundakı çıxışında da Prezident İlham Əliyev vurğuladı ki, 25 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi Ümummilli Liderin növbəti siyasi uzaqgörənliyi idi. Həqiqətən də həmin dövrdə gənclər problemi bəlkə də hakimiyyət strukturlarında yer almış insanların böyük əksəriyyətini ən az narahat edən, düşündürən məsələlərdən biri idi. Lakin Ümummilli Lider hər zaman olduğu kimi gənclər məsələsində də gələcəyə baxırdı. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndərin imzaladığı Fərmanla 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1997-ci il fevralın 2-də ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.”

Daha sonra Azər Əhədzadə deyib ki, bu gün ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən illər ərzində Azərbaycanda gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları qəbul edilmişdir: “Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Sərəncamla “2007-ci ilin "Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulub. Həmçinin dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub. Büütün bunlarla yanaşı bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi Gənclər siyasətinin prioritet istiqaməti milli-mənəvi dəyərlərin qorunmasıdır. Dövlətimizin başçısı Gənclər Forumunda da bu məsələyə toxunaraq bir daha vurğuladı ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub və biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq.”

AİA.Az
Geri dön