Ana Sayfa > Seçilənlər-2 > Bu gün İmam Hüseynin (ə) mövlududur

Bu gün İmam Hüseynin (ə) mövlududur


10-05-2016, 11:37. Yazar: admin
Bu gün İmam Hüseynin (ə) mövlududur

"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur". (Ali İmran 169)

Aia.az faktxəbər-ə istinadən bildirir ki, bu gün Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin sevimli qızı Xanım Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Hüseynin (ə) mübarək mövlud günüdür.

Üçüncü məsum İmamımız Həzrət Hüseyn (ə) hicrətin dördüncü ili Şəban ayının üçü Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (ə) və Fatimeyi-Zəhranın (s.ə) ikinci övladı idi.

İmam Hüseyn (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s.ə.s.) yanında keçirmiş, Peyğəmbərin (s.ə.s.) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və onun hakimiyyəti dövründə fəal iştirak etmişdir.

İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə mübarizə meydanında İmam Hüseyn qardaşı ilə bərabər olmuşdur.

Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdiyi zaman İmam Həsən (ə) İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi və sülh müqaviləsi bağlanandan sonra İmam Hüseyn qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.

İslam Peyğəmbəri Allaha iman əsasında qurulmuş yeni bir din gətirməklə şəhadət sünnəsini yaratmışdı. Tarixin şahidliyinə əsasən, müsəlmanların şanlı qələbələrinin bir çoxunun səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadət yolunu seçmələri olmuşdur. Ancaq Peyğəmbərin vəfatından sonra İslam hökumətinin öz həqiqi yolundan çıxması, şəhərlərin fəth olunmasının artması, əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa səbəblər nəticəsində yavaş-yavaş müsəlmanlar öz döyüş ruhiyyələrini itirib başlarını rifah və asayişə qatdılar. Belə ki, hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir, camaat da rahat yaşayışın əldən çıxacağından qorxub heç bir müqavimət göstərmədən ona tabe olurdu. İslam adı ilə camaata hakimlik edən zalım hakimlər də bundan istifadə edirdilər. Bəni-Üməyyənin hökuməti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. Müaviyənin ömrünün axır vaxtlarında və Yezidin hakimiyyətinin əvvəllərində isə olduqca acınacaqlı vəziyyət yaranmışdı.

Bəni-Üməyyə sülaləsi öz hakimiyyətinə din adı verib İslam hökuməti adlandırdığı, həmçinin, Peyğəmbər canişini adı ilə camaata hakim olduqları və öz dini mövqelərini cəmiyyətdə qoruyub saxlamaq, müxtəlif üsullardan (məsələn, yalançı hədis düzəltməklə, şair və tarixçiləri özlərinə cəlb etməklə, Cəbriyyə kimi məzhəbləri yaymaqla) istifadə etdikləri üçün İmam Hüseyn əleyhissəlamın inqilabı onların hökumətinə ağır zərbə vuraraq onları rüsvay etdi. Xüsusilə qeyd etmək lazımdır ki, Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini- qadın və uşaqları əsir etmək kimi insanlıqdan uzaq olan bir sıra işlər onların rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid müsəlmanların nifrətini qazandı.

İmam Hüseyn (əleyhissəlam) inqilabının cəmiyyətdə igidlik və hünər ruhiyyəsini oyatmasının təsir dərəcəsinin aydın olması üçün nəzərə almaq lazımdır ki, İslam cəmiyyəti Aşura hadisəsi baş verənə qədər ("Hicr hərəkəti" kimi səthi etirazlar istisna olmaq şərti ilə) iyirmi il sükut içərisində yaşamış və nisbətən çox olan bu müddətdə inqilab üçün şəraitin hazırlanmasına baxmayaraq kiçik də olsa, belə bir ictimai etiraz baş verməmişdi.

Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı və elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki, onun şüası hər tərəfi bürüdü. Bu da camaata öz din, şəxsiyyət və şərafət hörmətini qorumaq, camaat arasında itib batmış mübarizə ruhiyyəsini oyatmaq və ölmüş qəlblərə yeni nəfəs verib onları həyata qaytarmaq üçün kifayət edirdi.

Bu əlamətdar gündə başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını İmam Hüseynin (ə) mübarək mövludu münasibəti ilə təbrik edirik.

Aia.az
Geri dön