Ana Sayfa > Seçki 2024 > Müstəqilliyimizin ilk illərinin acı mənzərəsi və ulu öndərin uğurlu dövlətçilik siyasəti

Müstəqilliyimizin ilk illərinin acı mənzərəsi və ulu öndərin uğurlu dövlətçilik siyasəti


6-02-2022, 15:14. Yazar: admen
Müstəqilliyimizin ilk illərinin acı mənzərəsi və ulu öndərin uğurlu dövlətçilik siyasəti

Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Heydər Əliyev əsl dövlət xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasa aparan xaotik durumun qarşısını almağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Ancaq o dövrdəki qaragüruhçu hakimyyət Ulu Öndərin qarşısını kəsir, onun xalqla təmasına hər vasitə ilə mane olurdular. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi informasiyalar belə hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı və iqtidardakılar Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar.

Lakin artıq Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısında idi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycan ziyalıları, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edərək ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün məhz onun hakimiyyətə gəlməsinin vacibliyini vurğulayırdılar.

Artıq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi zəruri idi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin hökmü idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər

Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.

Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmədi. Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib hazırladı. 1993-cü ilin iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə «Əsrin müqaviləsi» və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu.

Təbii ki, müasir Azərbacanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş siyasəti davam edir. Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoludur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən şərəflə yerinə yetirilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti əmin əllərdədir.

Məhəmməd Mehdiyev,
Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru

AİA.Az
Geri dön