Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edir”

Novruzəli Aslanov: “Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edir”


1-02-2022, 16:55. Yazar: admen
Novruzəli Aslanov: “Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edir”

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı gənc nəslin milli-vətənpərvər ruhda formalaşması, gənclər arasında sağlam həyat tərzinin təbliği və ümumiyyətlə gəncliyin inkişafı ilə bağlı bütün məsələlərə diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsini şərtləndirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə bir çox mühüm sənədlər imzalayıb. İlk növbədə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Bunu 2 fefral Gənclər günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

“Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Keçirilən Forumlarda mütəmadi olaraq çıxış edən Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. O cümlədən 1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanla istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Həmçinin 1999-cu il iyulun 29-da imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaradılmışdır. Məhz bu Fərman gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Həmin Fərmanla, o cümlədən Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. Nəhayət 2002-ci il 9 aprel tarixində Ulu Öndərin təşəbbüsü ilə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir” – deyə N.Aslanov bildirib. Millət vəkili həmçinin qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Daha sonra ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan N.Aslanov belə deyib: “Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Xüsusi olaraq qeyd olunmalıdır ki, Vətən müharibəsinin gedişində Müzəffər Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər”.

Daha sonra millət vəkili bildirib ki, gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır: “2005-ci ildə dövlətimizin başçısı tərəfindən növbəti 4 ili əhatə edən Dövlət Proqramı təsdiq edilmişdi. Bu proqram sözsüz ki, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının bariz təzahürü idi. 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının daha bir göstəricisi oldu. Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illəri əhatə edən “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və bir sıra digər mühüm sənədlər imzalanmışdır. Bir məqamı da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü də məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzaladı. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir.

Sonda bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün könüllülük hərəkatı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində xüsusilə geniş vüsət alıb. Qürurla deyə bilərəm ki, bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir ki, bu könüllülərin də böyük bir hissəsi məhz gənclərdir. Vətən müharibəsinin gedişində erməni faşistləri tərəfindən dinc şəhər və kəndlərimizin raket atəşinə tutması nəticəsində bir könüllümüz şəhid olmuş, daha iki nəfər isə ağır yaralanmışdır. Qeyd edim ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 aprel 2008-ci il tarixli sərəncamla hər il mart ayının 10-u Azərbaycan Respublikasında Qızıl Aypara günü kimi qeyd olunur.

Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycan gəncliyinin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafı dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində uğurla təmin olunur” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az
Geri dön