Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: Prezident İlham Əliyev erməni faşizmini dirçəltmək istəyənlərə bir daha xəbərdarlıq etdi

Aqiyə Naxçıvanlı: Prezident İlham Əliyev erməni faşizmini dirçəltmək istəyənlərə bir daha xəbərdarlıq etdi


31-01-2022, 15:49. Yazar: admen
Aqiyə Naxçıvanlı: Prezident İlham Əliyev erməni faşizmini dirçəltmək istəyənlərə bir daha xəbərdarlıq etdi

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a verdiyi müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar təqdim etdi. Hər zaman olduğu kimi, dövlətimizin başçısı açıq və birmənalı cavabları ilə Azərbaycanın bu və ya digər məsələ ilə bağlı konkret mövqeyini ortaya qoydu və ölkəmizin maraqlarının hər bir halda prioritet olduğunu bir daha vurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində bir neçə mühüm mədəni, sosial obyektlərin açılışını etdi, təməlini qoydu. O cümlədən Gəncədə yeni “ASAN xidmət” Mərkəzinin, Gəncə Dram Teatrının açılışı oldu. Gəncə İdman Sarayının tikintisi də sürətlə davam edir. Bu əlamətdar hadisələr onu göstərir ki, digər bölgələrimiz kimi Gəncənin də inkişafı və şəhərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün əsas diqqət işğaldan azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzura yönəlsə də eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur.

Bu sözləri açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputat Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində bir sıra mədəni, sosial obyektlərin açılışında şəxsən iştirak etməsinin bu sahələrə göstərilən dövlət qayğısının təzahürü olduğunu vurğulayıb. Vətən müharibəsi dövründə Gəncənin erməni faşist ordusu tərəfindən dağıdılmış ərazisində Memorial Kompleksin yaradılmasının vacib siyasi məsələ olduğunu qeyd edən Aqiyə Naxçıvanlı bildirib: “Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Bu namərd hücumlar nəticəsində təkcə Gəncə şəhərində 26 mülki vətəndaş həlak oldu ki, onların da arasında uşaqlar, qadınlar, yaşlı insanlar var idi. Bütün dünya gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Azərbaycan Ordusu isə müharibə dövründə belə cinayətlərə əl atmayıb, müharibəni ləyaqətlə aparıb və yalnız döyüş meydanında düşmənə cavab verib. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda cənab Ali Baş Komandan deyirdi ki, biz döyüş meydanında qisasımızı alacağıq və bu, belə də oldu. Ermənistan döyüş meydanında məğlub olaraq, 10 min fərari verərək diz çökdü, məğlub oldu. Azərbaycan Ordusu erməni faşizmini məğlub etdi və tarixi ədaləti bərpa etdi. Dünən Gəncədə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Memorial Kompleks isə erməni vandalizminin tarix boyu yaddaşlardan silinməməsinə xidmət edəcək. Dünya bu erməni vəhşiliyini unutmamalıdır. Dövlətimizin başçısının dediyi kimi, müharibə başa çatıb və bundan sonra sülh olmalıdır. Ancaq Azərbaycan xalqı heç vaxt erməni vəhşiliyini, erməni faşizminin cinayətlərini unutmamalıdır”.

Rusiya teleməkanında erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılmasına münasibət bildirən Milli Məclisin deputatı deyib ki, bütün MDB məkanı üçün mühüm siyasi əhəmiyyət kəsb edən bu hadisə şəxsən Prezident İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan erməni faşizmini məğlub etdi. İndi isə biz hamımız səylərimizi ona yönəltməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın. Bu baxımdan Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması da həm Rusiya, həm Azərbaycan, həm də bütün MDB məkanı üçün xüsusi əhəmiyyət kəsb edən siyasi hadisədir. Əlbəttə ki, bu məsələ Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Çünki ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən məhz möhtərəm dövlət başçımız olub. Prezident İlham Əliyev əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarında məsələ qaldırıb və beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında qəti mövqeyini ortaya qoyaraq bildirib ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Həmçinin dövlətimizin başçısı MDB Zirvə görüşlərinin birində öz çıxışında cəllad Njde ilə bağlı məsələni qaldırmış və birmənalı olaraq bəyan etmişdi ki, Njdeyə Ermənistanın paytaxtı İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Tarixi faktdır ki, bu adam faşist cəlladı olub. İlk öncə günahsız azərbaycanlıları və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ermənistanda isə onun qəhrəmanlaşdırılması gedir. Həmçinin Ermənistanın bugünkü hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir. Əlbəttə ki, Rusiyanın özünün də eynən Azərbaycan kimi faşizmin qəhrəmanlaşdırılmasına qarşı gedən mübarizədə ön sıralarda olmasına rəğmən Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsi heç bir çərçivəyə sığmır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Rusiya faşizmin baş qaldırmasının, İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinin yolverilməz olması xüsusunda bütün səviyyələrdə tamamilə həmrəydilər. İrəvanda faşist Njdenin adını daşıyan küçələrin, meydanların, metro stansiyasının olması, ona böyük abidənin qoyulması onu göstərir ki, erməni faşizmi hələ də yaşayır. Əlbəttə, onlar İkinci Qarabağ müharibəsində aldıqları ölümcül zərbədən sonra artıq əvvəlki illərdə olduqları qədər fəal deyillər. Lakin Ermənistanda faşizm yenidən baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan yenə də meydan sulamağa çalışırlar. Buna yol verməmək üçün gərək bütün ölkələr və beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Öz müsahibəsində bu məsələ ilə bağlı konkret mövqeyini növbəti dəfə ortaya qoyaraq, Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, regionda erməni faşizmi yenidən baş qaldırsın. Əgər Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilərsə, bu zaman o, yerindəcə məhv ediləcək və bunu hər kəs bilməlidir.

AİA.Az
Geri dön