Ana Sayfa > Yazar3 > AQİL ABBAS:
AQİL ABBAS:28-01-2022, 11:05. Yazar: sevinc1 |
Son günlər bəzi müəllimlərin şagirdləri döyməsi gündəmi zəbt edib. Sosial şəbəkələr partlayır, saytlar, qəzetlər, televiziya kanalları. Müəllimlərin üzərinə bir səlib yürüşü həyata keçirirlər. Təbii ki, müəllim şagirdi döyməməlidir. Həzrət Əli buyurub ki, mənə bir hərf öyrədənin qırx il qulu olaram. İndi bizə bir hərf yox ey, bizə elm öyrədən, bizi adam eləyən müəllimlərin üstünə bu cür hücum eləmək də doğru deyil. Bəs müəllimi çilədən çıxaran, sinifdə qol götürüb oynayan, müəllimi təhqir edən, dərsi pozan və sair və ilaxır şagirdləri niyə bir qınayan yoxdu? Onların valideynlərini niyə bir qınayan yoxdu? Hamı düşür müəllimin üstünə. Bir dəfə demişəm, yenə deyirəm. O maaşla bizlərin bu ərköyün, müəllimin 4-5 maaşı həcmində telefon gəzdirən övladlarımıza dərs deyən müəllimlərin hamısı milli qəhrəmanlardı. Təhsil Nazirliyimizin diqqətinə bir örnək gətirmək istəyirəm, bu yazını da ona görə yazdım. Ağdamda, eləcə də bir çox rayonlarda məktəblər nömrələri ilə tanınmır, direktorların adları ilə tanınır. Əli müəllimin məktəbi, Şiraslan müəllimin məktəbi, Süleyman müəllimin məktəbi, Surxay müəllimin məktəbi, Şahmar müəllimin məktəbi və sair və ilaxır, Ağdamda belə deyilir. Ağdamda da 3 nömrəli məktəb vardı, amma Surxay Qurbanovun məktəbi deyirdilər. Və əslində o, Ağdamın Makarenkosu idi. Şəhərin başqa məktəblərində çətin tərbiyə olunan uşaqları təbii ki, məktəbdən qovurdular. Məktəbdən qovulan uşaq da küçədə qalası deyildi, hansısa məktəbə getməliydi. Amma heç bir məktəb direktoru belə uşaqlara sahib çıxıb başını cəncələ salmaq istəmirdi. Və belə çətin tərbiyə olunan uşaqların hamısına Surxay müəllim sahib çıxırdı. Məsələn, mənim bir xalam oğlu vardı, dörd məktəbdən qovmuşdular, axırda atası apardı qoydu Surxay müəllimin məktəbinə. O davakar, ipə-sapa yatmaz, müəllimlərin başına oyun açan həmin xalaoğlu Surxay müəllimin məktəbində elə ipə-sapa yatdı ki, ikiylə, üçlə oxuyan uşaq başladı dörd-beşlə oxumağa. Və orta məktəbi bitirəndən sonra da gəldi Bakıda orta ixtisas milis məktəbi vardı (indiki Polis Akademiyası) ora qəbul olundu. Sonra uzun illər polisdə işlədi və polisdə də Surxay müəllimin təcrübəsini tətbiq elədi. Ötən il də mayor rütbəsi ilə təqaüdə çıxdı. Və kimsə deyə bilməz ki, Surxay müəllim və ya onun məktəbinin müəllimləri hansısa bir şagirdi döyüb. Sadəcə olaraq Surxay müəllim Makarenkonu yaxşı oxumuşdu və müəllimlərinə də oxutmuşdu. Bəli, Surxay müəllimin məktəbi çətin tərbiyə olunan uşaqların məktəbinə çevrilmişdi. Mən o məktəbi məbəd adlandırardım. Bir dəfə kiçik qardaşım Surxay müəllimin məktəbinin bir şagirdini küçədə döymüşdü. Surxay müəllimin şagirdini döymək olar? Axşam dağdan ağır kişi gəldi bizə, pərt idi. Atama dedi ki, bu uşağı sabahdan mənim məktəbimə göndərərsən ki, bunu da adam edim. Səhəri günü qardaşımı atam Surxay müəllimin məktəbinə göndərdi. Bunları ona görə yazıram ki! Bəli, çətin tərbiyə olunan uşaqlar var, özü də az deyil. Yaxşı olar ki, Təhsil Nazirliyi tək Bakıda deyil, eləcə də rayonlarımızda bir məktəbi ixtisaslaşdırsın, Sovetlər dönəmində belə bir təcrübə vardı, başa bəla şagirdlər məcburən həmin məktəblərə yönləndirilsinlər. Həmin məktəblərə də ən təcrübəli, bu sahədə xüsusi qabiliyyəti olan müəllimləri cəlb eləsinlər. Şagirdlər də niyə cəzalandığını bilsinlər. Bu da olsun islahatlardan biri . 27-01-2016 Geri dön |