Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Novruzəli Aslanov: “Xeyriyəçilik ruhu ölkəmizdə hər zaman yaşayacaq”

Novruzəli Aslanov: “Xeyriyəçilik ruhu ölkəmizdə hər zaman yaşayacaq”


24-01-2022, 12:27. Yazar: admen
Novruzəli Aslanov: “Xeyriyəçilik ruhu ölkəmizdə hər zaman yaşayacaq”

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı ölkənin və ilk növbədə paytaxt Bakının ictimai-mədəni həyatında xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Ölkə Prezidenti cənab İlham Əliyevin abidənin açılışında şəxsən iştirak etməsi də bu hadisənin əhəmiyyətini bir daha vurğulamış oldu. Məlum olduğu kimi Zeynalabdin Tağıyev tarixdə, Azərbaycan xalqının yaddaşında ilk növbədə böyük xeyriyyəçi kimi qalmışdır. Məhz onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir ki, onların da arasında Bakıya təmiz içməli suyun gətirilməsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir və indinin özündə də Bakı və Sumqayıt şəhərlərinin bir hissəsini təmiz içməli su ilə təmin edir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak etməklə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına, xüsusilə xeyriyyəçilik fəaliyyəti kimi milli dəyərlərimizin təbliği işinə dövlətimiz tərəfindən xüsusi diqqət və böyük qayğı göstərildiyini bir daha nümayiş etdirdi.

“Zeynalabdin Tağıyev Bakının XIX əsrin sonu, XX əsrin əvvəllərində paytaxt Bakının simasının formalaşmasında böyük rol oynamışdır. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dəfə dünyəvi məktəb açılmışdır. Qeyd etmək lazımdır ki, hələ on yaşında olarkən bir bənnanın yanında usta köməkçisi kimi əmək fəaliyyətinə başlamış Zeynalabdin Tağıyev artıq 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra idə o, tikinti ustası və təşkilatçısı kimi tanınırdı. Buna görə də özünün sonrakı tikinti işlərinə şəxsən nəzarət edirdi və tikdirdiyi binalarda, o cümlədən qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir. Abidənin açılışında etdiyi çıxışında Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların tikilməsinin də təşəbbüskarı məhz Tağıyev olmuşdur. Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Həmçinin Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır”, - deyə N.Aslanov bildirib.

Həmçinin millət vəkili H.Z.Tağıyevin təhsil sahəsində göstərdiyi xeyriyyəçilik fəaliyyətinin əhəmiyyətindən danışaraq bildirib ki, müsəlman dünyasında ilk qızlar məktəbinin açılması o dövr üçün son dərəcə mütərəqqi bir hadisə, gələcəyə yönəlmiş bir addım idi. Novruzəli Aslanov bu məqamı da qeyd edib ki, həmin dövrdə müsəlman qızlar üçün dünyəvi məktəbin açılması böyük çətinliklər və risklərlər bağlı olub.

“Qızlar məktəbinin açılmasına xüsusilə yerli ruhanilər ciddi şəkildə mane olurdular. Köhnə fikirli, mühafizəkar ruhlu insanlar qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi Zeynalabdin Tağıyevin həyatını böyük təhlükə qarşısında qoyurdu. Radikal dindarların təhrikinə uyanlar hətta Tağıyevi öldürmək də istəyirdilər. Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu faciənin baş tutmasına imkan vermədi. Bütün çətinlikləri dəf edərək Tağıyev bu layihəni həyata keçirdi və bununla da Azərbaycanlı qızların dünya elminə sahiblənmələrinin başlanğıcını qoydu”, - deyə Novruzəli Aslanov qeyd edib.

Daha sonra millət vəkili bildirib ki, bu gün Azərbaycanda Zeynalabdin Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik ənənələri uğurla davam etdirilir və bu ənənələrin ən böyük daşıyıcısı Heydər Əliyev Fondudur.

“Öz çıxışında dövlət başçımızın da qeyd etdiyi kimi, XIX əsrdə xeyriyyəçilik ənənələri ilk dəfə məhz Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuşdur. Son dərəcə qürurverici bir haldır ki, bu gün bu xeyriyyəçilik ənənələri Azərbaycanda yaşayır və davam edir. Əlbəttə ki, Azərbaycanda müasir dövrümüzdə xeyriyyəçilik fəaliyyətindən danışarkən ilk növbədə göz önündə məhz Heydər Əliyev Fondunun fəaliyyəti canlanır. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda ən böyük xeyriyyəçi qurum olaraq, artıq 20 ilə yaxın bir müddətdir ki, bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ etməkdə, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinin inkişafına misilsiz töhfələr verməkdədir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan bu gün daha çox tanınır və məhz bu amil ölkəmizə İkinci Qarabağ müharibəsi dövründə böyük köməklik göstərdi. Həmçinin bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məlum olduğu kimi, Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsaitlər köçürürlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının xarakterik cəhətlərindən biri olub və və ənənə ölkəmizdə hər zaman yaşayacaq”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az
Geri dön