Ana Sayfa > Ölkə > 70 yaşın mübarək

70 yaşın mübarək


21-01-2022, 15:38. Yazar: sevinc1
70 yaşın mübarək

Bir ömür yaşamışam...

Bir ömür yaşamışam,
Alnıaçıq, üzüağ,
Yoluma işıq salıb,
Kişilik dərsi keçib,
Həyat adlı bir sınaq...

Bəli, yuxarıda əksini tapan bir bəndlik şeir onun həyat leytmotivi – fəlsəfəsi, qayəsi, məfkurəsinin siqlətini, özəyini, nüvəsini təşkil edir, desək, yəqin ki, yanılmarıq. Bu günümüzdən dünənə boylananda yaşadıqlarına heyifsilənməmək, qürur hissi keçirmək, məmnunluq duymaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu şərəfli ömür yolu bu gün ona eli, obası, yaxınları, ətrafındakı insanlar arasında ağsaqqallıq titulu qazananlar sırasında layiqli yerini tutmasında da öz töhfəsini verib. Təbii ki, bu məziyyətlərə sahiblənməsində böyüyüb boya-başa çatdığı, uzaq uşaqlıq illərində “qarğı at” oynatdığı Gədəbəyin dağları, suyu, havası, təbiəti də öz sözünü deyib.Gədəbəyin Nərimanabad kəndində ötən əsrin 1952-ci ilində dünyaya göz açmış Nazim Sadıqovu deyirəm. O Nazim Sadıqov ki, hazırda Respublika Elmlər Akademiyasının Geologiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. Onu indiki məqama aparan həyatın enişli-yoxuşlu, dolanbac yolları neçə-neçə sınaqlardan, çətinliklərdən keçib. Lakin onu qarşısına qoyduğu məqsəddən heç nə döndərə bilməyib. Axı onun köksündə respublikamızın ən məşum, məşəqqətli günlərində Dağlıq Qarabağ və oan bitişik yeddi rayonumuzun işğal edildiyi bir zamanda erməni faşizmindən torpaq alan gədəbəyli ürəyi döyünür. Bu ruh onu nələrdən keçirməyib?! Bəli, onu ömrün bugünkü 70-ci zirvəsinə çatdıran və yüzə doğru aparan yol Nərimankənd orta məktəbindən başlayıb. 1969-cu ildə həmin təhsil ocağını bitirib kimyaçı olmaq arzusunun arxasınca Bakıya, Azərbaycan Dövlət Universitetinə, indiki, Bakı Dövlət Universitetinə yollanıb. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanıb. Sevindiyindən özünə yer tapa bilməyib. Dağ ürəkli dağlar oğlu tələbəlik illərini, ömrünün ən gözəl, fərəh dolu unudulmaz ən xoşbəxt, qayğısız anları kimi səciyyələndirir...

Ali təhsili başa vurduqdan sonra təyinatla Şamaxı rayonunun Çərhan kəndinə kimya müəllimi göndərilib. Müəllimlik fəaliyyəti dövründə şagirdlərinin, çiyin-çiyinə işlədiyi pedaqoji kollektivin dərin hörmət və rəğbətini qazanıb. Şagirdlərinin ali məktəb tələbəsi adını qazandığını görəndə isə sevinci yerə-göyə sığmayıb...

Onların simasında öz tələbəliyini sanki yenidən yaşamağa başlayıb.

N.Sadıqov hələ tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərirdi. Bu arzu, istək onun 1976-cı ildə, yəni iki il sonra yenidən Bakıya qayıtması ilə sonuclandı. O əvvəlcə Ümumittifaq Elmi Təhqiqat İnstitutunda su problemi üzrə işə qəbul olunub. Bir müddət sonra isə elmi işlərini Respublika Elmlər Akademiyasının Geologiya İnstitutunda davam etdirib. Burada onun fəaliyyəti üçün daha geniş imkanlar açılmış olub. Geologiya İnstitutundakı mövcud şərait Nazim Sadıqovu həmişəlik bu elm ocağına bağlayıb. Onun rəhbərlik etdiyi Geologiya və Genetika İnstitutunun Analtik Mərkəzi dünya elminin ən müasir elmi avadanlıqları və texniki vasitələri ilə təchiz olunub. Burada başlıca vəzifə analizlərin yüksək keyfiyyətlə və operativ olaraq yerinə yetirilməsinə təminat verir. Analizlər beynəlxalq standart və metodlar üzrə aparılır.
Analizlərə süxurlar, süxurlar əsasında alınmış tikinti materialları və filizlər daxildir.

Burada nümunələrin qəbulu və analizi, nəmliyin müəyyənləşdirilməsi, yüksək temperaturda itkinin təyini və ələk analizi həyata keçirilir.
Həmçinin nümunələrin məhlula keçirilməsi zamanı elementlərin miqdarı itkilərinin qarşısını almaq üçün onlar xüsusi analtik avtoklavlarda-86 mikrodalğalı sobada analizə aparılır. Nazim Sadıqov aparılan analizlərin son dərəcə dəqiq aparılmasına xüsusi diqqət yetirir.

O, düzgün nəticə əldə olunması üçün bir qayda olaraq geoloqlarla sıx əlaqə əsasında işini formalaşdırıb. Onun gördüyü bu işlər, əldə etdiyi nəticələr ölkəmizdə olan bərk faydalı qazıntı yataqlarının genezisinin öyrənilməsində böyük imkanlar yaradır. Peşəsinə vurğunluğu, gördüyü işə və vəzifəsinə məsuliyyətli münasibəti institut rəhbərliyi tərəfindən bir qayda olaraq razılıq hissi ilə qarşılanır. İnstitutun direktoru, Respublika Elmlər Akademiyasının virse-prezidenti, akademik A.Əlizadə N.Sadıqovu işinə və bir insan kimi malik olduğu mənəvi keyfiyyətlərə görə yüksəq qiymətləndirir, təsadüfi deyil ki, onu çətin günlərin adamı kimi xarakterizə edir. Nazim müəllim 40 ildən bəri institutun ictimai həyatındakı fəaliyyəti ilə də kollektivin hörmət və ehtiramını qazanıb.

Onun rəhbərlik etdiyi şöbə bu gün beynəlxalq və respublika əhəmiyyətli layihələr üzrə təqdim edilən təbii və süni maddələrin tərkibini dəqiqliklə təyin etmək imkanı ilə seçilir. Otuz beşə yaxın elmi məqalə və tezisin müəllifidir və bu tədqiqatlar öz aktuallığı ilə xüsusi əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, institut və akademiya rəhbərliyi onun fəaliyyətini yüksək dəyərləndirib. 2008-ci ildə əzmkar fəaliyyəti sayəsində respublikamızın əməkdar mühəndisi adına layiq görülüb. 2015-ci ildə isə Respublika Prezidenti İlham Əliyev cənablarının növbəti fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Ömrünün 7-ci onilliyini xırdalayan N.Sadıqov öz işgüzarlığı ilə yanaşı səmimi, xeyirxah, alicənab və yüksək vətənpərvərlik xüsusiyyətləri, qayğıkeş ailə başçısı olması ilə də seçilir. O, öz nəslinin, soy-kökünün davamçısı olan övladlarını, nəvələrinin əsl azərbaycançılıq, vətənsevər, yurdsevər ruhda tərbiyə alıb böyütməsi ilə də bağlı haqlı olaraq fəxarət hissi keçirir.
Hərçənd, zahirən ona 40-45-dən çox yaş vermək olmaz.

Ən başlıcası odur ki, N.Sadıqovun ömür yolu müasir gəncliyimizə əsl nümunədir.
Geriyə boylananda təəssüf hissi keçirmir. Əksinə, qürrələnir, məmnunluq hissi onu çuqlayır.

Yubilyarın doğum tarixinə cəmi bir neçə gün qalıb. 70 illik yubileyi münasibəti ilə bütün Nazimsevərlərə qoşularaq yubilyarı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayır və yazıya N. Sadıqova həsr etdiyim şeirlə nöqtə qoymaq istəyirəm.

Mübarək deyə
Yollar eniş-yoxuş, addımın ötkəm,
Tapıb, ismarlayıb ucalıq səni,
Tükü-tükdən seçən baxışların cəm,
Görüm yadırğasın qocalıq səni.

Hər kəsin yanında alnın açıqdı,
Dürüstlük xislətin, saflıq yoldaşın,
Şuxluq, mərdanəlik yoluna çıxdı,
Kişilik siqlətin, paklıq sirdaşın.

Ömrün gül qoxusun, çiçək qoxusun,
Ocağın daha gur yansın, deyirəm.
Ömür qədəhinə xoşbəxtlik süzə,
Başını nəvələr qatsın, deyirəm.

Tanrı xoş günləri yazsın baxtına,
Əlində ərməğan gül, gülümsəyə,
Yetmişin oturcaq şahlıq taxtına,
Dostların – Ad günün mübarək, - deyə.

Tahir Uluqaya (Abdulov)
aia.az
Geri dön