Ana Sayfa > Ölkə > Ələddin Cabbarov: “Qaliblərin dostları çox olur”

Ələddin Cabbarov: “Qaliblərin dostları çox olur”


18-01-2022, 12:26. Yazar: admen
Ələddin Cabbarov: “Qaliblərin dostları çox olur”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.
Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb.

Ermənistanın yenə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkliflər gözləməsidir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Yeni geosiyasi reallıqlar yaranıb. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində müharibənin başa çatmasından ötən bir ildə beynəlxalq birliyin həmin reallıqların qəbulu ilə bağlı reaksiyasının qaneedici olduğunu bildirir. Həm işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə start verildi, həm də ədalətə və beynəlxalq hüquqa söykənərək münaqişənin artıq keçmişdə qaldığı, yeni səhifənin açılması zamanı olduğu təsdiqləndi. Daim irəli baxan Azərbaycan işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağa çağırır.

İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.

Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etdi. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Üç dəfə vaksinin vurulması hər kəsə tövsiyə olunur.

Ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinika COVID xəstələrinin sərəncamına verildi. Azərbaycan xəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. 9 min çarpayı boşdur. Önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur.

Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib.
Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır.

Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək. Onlar indi peşmançılıq çəkirlər.
Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb.

“Hazırda, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğu bir zamanda ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac varmı? Prezidentin “Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik” mesajı özündə bütün məqamları ehtiva edir. Artıq göründüyü kimi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan dövlətini narahat etmir. Ölkəmizin qalib tərəf kimi diktə etdiyi yeni reallıqlar dünya gücləri tərəfindən qəbul olunaraq dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan tərəfindən Ermənistana təklif olunan sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər.

Ələddin Cabbarov,
Diaqnoz Tibb Mərkəzinin baş həkimi

AİA.Az


Geri dön