Ana Sayfa > Gündəm > Rəşad Cəbraylov: “Azərbaycan dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır”

Rəşad Cəbraylov: “Azərbaycan dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır”


18-01-2022, 11:14. Yazar: admen
Rəşad Cəbraylov: “Azərbaycan dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır”

“Bu gün artıq bütün dünyada beynəlxalq hüququn ciddi böhran yaşaması, getdikcə məhz güc amilinin daha qabarıq formada önə çıxması açıq-aydın müşahidə olunmaqdadır. Belə bir şəraitdə dünyanın yenidən nüfuz dairələrinə bölünməsi ehtimalı da getdikcə daha konkret cizgilər alır. Əlbəttə ki, belə olan halda ilk növbədə iqtisadi cəhətdən daha zəif olan ölkələrin vəziyyəti arzuolunmaz bir hala düşə bilər. Lakin Prezident İlham Əliyevin də yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş bir ölkə olaraq dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır. Bunun səbəbi isə ölkəmizdə xüsusilə son 19 il ərzində böyük uğurla həyata keçirilən daxili və xarici siyasət kursudur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Salyan rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Salyan rayon təşkilatının sədri vəzifəsini icra edən Rəşad Cəbraylov deyib.

Hakim partiya təmsilçisi Prezident İlham Əliyevin müsahibəsində sosial-iqtisadi məsələlərlə bağlı məqamların geniş əhatə olunduğunu qeyd edərək bildirib ki, bu yanaşma ölkəmizdə məhz vətəndaş amilinin dövlət siyasətinin əsasında duran əsas göstərici olduğunu bir daha sübut edir: “Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət imkan verir ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların rifah halına mənfi təsir göstərməsin. Prinsip etibarilə bu siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, ölkədə iqtisadi islahatlar uğurla həyata keçirilsin. Dövlətimizin başçısı tərəfindən ötən il qəbul edilmiş qərarların məqsədində də məhz bu amil dayanır. Bu qərarlar dünyada gedən qlobal bahalaşma prosesi fonunda Azərbaycanda da bəzi ərzaq məhsullarının, o cümlədən çörəyin qiymət artımından vətəndaşlarımızın əziyyət çəkməməsi məqsədinə sərrast hesablanıb. Nəzərə almaq lazımdır ki, çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin şəkildə artıb. O cümlədən Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Bunu nəzərə alaraq ölkəmizdə çox geniş sosial paket həyata keçirildi. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırıldı. Bütövlükdə bu, ölkənin büdcəsinə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur.”

Həmçinin Rəşad Cəbraylov xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni transmilli logistik layihələr artıq bütün beynəlxalq ictimaiyyət üçün də son dərəcə maraqlı və əhəmiyyətli olduğu üçün Ermənistanın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək imkanları da sürətlə məhdudlaşır: “Bir müddət əvvəl Azərbaycanın Zəngəzur hava dəhlizindən istifadə etməsi də prosesin məhz ölkəmizin maraqlarına uyğun istiqamətdə getdiyini sübut edir. Azərbaycan Prezidenti bu müsahibəsində də bir daha vurğuladı ki, hansı yolla olursa-olsun Zəngəzur dəhliz açılacaq. Diqqətəlayiq haldır ki, ötən ildən “Zəngəzur dəhlizi” ifadəsi artıq siyasi-diplomatik müstəvidə aparılan ritorikaya daxil edildi. Həmçinin ötən il biz mülki aviasiya sahəsində Zəngəzur hava dəhlizinin açıldığını gördük. Həm də Azərbaycan bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdi. Məlumdur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bəlkə də ona görə ki, bu terminin müəllifi məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Öz müsahibəsində dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmır. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Həmçinin bu dəhliz vasitəsilə iki qaz xəttinin çəkilişi də mümkündür. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Beləliklə Azərbaycanın planlarına uyğun olaraq Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə dəhlizin açılmasına etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var. Lakin Azərbaycan ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmalar həyata keçirib. Hazırda bu istiqamətdə Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünki Ermənistan tərəfi ilkin mərhələdə israr edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Məxsusi olaraq bu məsələyə toxunan Prezident İlham Əliyev bunu da bildirdi ki, hələ sovet vaxtında belə bir layihə var idi. Həmin dövrdə də Ermənistan bu layihəyə etiraz edirdi və onun mümkünsüz olduğunu isbatlamağa çalışırdı. Lakin o vaxt Moskvada Siyasi Büronun üzvü və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini olan Ulu Öndər Heydər Əliyevin göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verdilər. O zaman hətta avtomobil yolunun tikintisinə də artıq başlanmışdı. Lakin ermənilər hələ o vaxtdan istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu olsun və buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Lakin bu gün Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yolunun çəkilişinə razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, məsələ də təsdiqləndi və hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur. Sözsüz ki, bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək.”

Sonda Rəşad Cəbraylov Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzunun və bu əsasla yeni dünya düzənləməsində fəal iştirak edə biləcək ölkələr sırasında yer almasının önəmli faktor olduğunu bir daha vurğulayaraq bunları deyib: “Azərbaycan yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacaq. Prezident İlham Əliyev öz müsahibəsində bu istiqamətdə qarşımızda açılmış perspektivlər və Azərbaycanın mövqeyi barədə konkret fikirlərini açıq-aydın bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, əgər bu gün dünyada yeni düzəmin formalaşdırılması prosesinə başlanacaqsa, Azərbaycan bu prosesin passiv seyirçisi deyil, ən aktiv iştirakçılarından biri olacaq. Əlbəttə ki, bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyi, siyasi müstəqillik və bütün bunların fonunda əldə olunmuş Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlar Azərbaycanın istər Cənubi Qafqaz regionunda, istərsə də daha geniş əhatəli Avrasiya məkanında nüfuzlu söz sahiblərindən birinə çevrilməsini şərtləndirib.”

AİA.Az
Geri dön