Ana Sayfa > Media > Şəhid Həsənağa Abdullazadənin xatirəsi anım günündə yad edildi.

Şəhid Həsənağa Abdullazadənin xatirəsi anım günündə yad edildi.


14-01-2022, 13:47. Yazar: admen
Şəhid Həsənağa Abdullazadənin xatirəsi anım günündə yad edildi.

Vətəni vətən edən qana bulanmış torpaqdır! Bu fikrin düzgünlüyünü Azərbaycan Respublikasının şərəfli azadlıq tarixi bizə sübut etmişdir. Biz bütün Azərbaycan xalqı olaraq öz məsuliyyətimizi dərk edirik. Şəhidlərimizin amalı qəlbimizdə möhkəm yer tutur. Biz hamımız bu müqəddəs amalı və şəhidlərimizin əziz xatirəsini qoruyub saxlamalı və yaşatmalıyıq. Bu gün mən bir vətən övladı olaraq torpağıma göz dikən düşmənin şah damarını kəsməyə və Vətənim üçün öz canımdan keçərək şəhidlik zirvəsinə ucalmağa hazıram. Vətənimə, Azərbaycanıma layiqli olmaq mənim bu yurda, bu torpağa olan müqəddəs borcumdur. Tarix yenidən təkrarlanmış, 2020–ci il sentyabrın 27–də II Qarabağ müharibəsi başlamışdır. 44 gün davam edən döyüşlər ərzində Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı altında “Dəmir yumruq” kimi birləşərək yenilməz ordumuzun haqq davasına tam mənəvi dəstək oldu. Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Bu şanlı qələbə bizləri nə qədər sevindirdisə, ürəklərimizdə də bir o qədər iz qoydu. Minlərlə igidlərimiz və mülki vətəndaşlarımız şəhidlik adını qazandılar. Bu gün xalqımızın mərd oğulları Azərbaycan tarixini öz qanları ilə yenidən yazdılar. Mehman Qafarov, Əsgər Əliyev, Mübariz İbrahimov, Pəncəli Teymurov, Rəşad Abdullayev, Aqşin İbadov, Nail Orucov, Həsənağa Abdullazadə və s. Bu siyahı çox uzundur. Bütün şəhidlərimizi yalnız bir amal birləşdirdi – “Vətən sağ olsun!” Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır. Bu yüksəlişin ən uca zirvəsi şəhidlikdir. Belə şəhidlərdən biri də Həsənağadır.
Həsənağa Abdullazadə 1993–cü il martın 9–da Lənkəran şəhərində dünyaya göz açmışdır. 1999–2007–ci illərdə Lənkəran şəhər 9 saylı tam orta məktəbində, 2007–2010–cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. Ali hərbi təhsilini 2010–2014–cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) almış, Ali məktəbi “leytenant” hərbi rütbəsi ilə başa vurmuşdur. 2014–2015–ci illərdə Silahlı Qüvvələrin Təlim–Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurur. Həsənağa Abdullazadə 2015–ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2017–ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi. Həsənağa Abdullazadə 2020–ci il sentyabrın 27–də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində savaşıb. Oktyabrın 1–dən Həsənağa Abdullazadə ilə əlaqə saxlamaq mümkün olmayıb. 2 oktyabr tarixində Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olub. Nəşi yanvarın 14–də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu müəyyənləşib. II Fəxri Xiyabanda torpağa tapşırılıb. Şəhid ailəli idi. Həyat yoldaşı Mirvari Mirzəzadə LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin riyaziyyat–informatika müəllimidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Həsənağa Abdullazadə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
14 yanvar 2022–ci il tarixində Lənkəran şəhərinin “Böyük bazar” məscidinin qarşısında şəhid Həsənağanın xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş bulağın qarşısında keçirilən anım mərasimində Sosial Xidmətlər Agentliyinin 13 saylı regional filial müdiri Ramin Hüccətov, Həzi Aslanov adına Lənkəran şəhər 3 saylı tam orta məktəbin direktoru Aqil Sadiyev, həmin məktəbin hərbi rəhbəri, müharibə iştirakçısı, Pərvin Abbasov, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d. Cəmil Quliyev və Kollecin II kurs tələbəsi Məhəmməd Hüseynzadə (şəhid Murad Hüseynzadənin qardaşı) iştirak etmişlər. Aprel döyüşlərinin də iştirakçısı olan Pərvin Abbasov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Fizulinin, Qubadlının, Cəbrayılın, Zəngilanın və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
 
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d.
Geri dön