Ana Sayfa > Siyasət > Deputat: Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır

Deputat: Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır


14-01-2022, 11:52. Yazar: admen
Deputat: Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır

Ötən illər ərzində dünyadakı qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi, daxili işlərinə müdaxilələr, hüququn norma və prinsiplərinə ikili yanaşma qarşılıqlı münasibətlərdə ziddiyətlər yaradıb. Həmçinin regional münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük, humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlara baxmayaraq ötən illəri ölkəmiz üçün uğurlu adlandırmaq olar. Belə ki, dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf edib, müstəqil və çoxşaxəli xarici siyasət kursu ölkəmizi Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş dövləti olaraq qalmasını təmin edib.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat deyib: “Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirilir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Tam adekvat olaraq Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, rabitə-informasiya texnologiyaları modernləşdirilərək yenidən qurulub. XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan “İpək Yolu” (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, dövlətimizin təşəbbüsü-liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolları şəbəkələrini birləşdirib, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynayıb”.

“Ölkəmiz üçün uğurlu olan 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırdı. Vətən müharibəsinin müzəffər sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin antiazərbaycan mövqeli xarici qüvvələrə ismarıclar göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Eyni zamanda, dövlətimizin başçısı müharibə dövründə xarici KİV-ə verdiyi müsahibələrində Azərbaycanın illərdir bu münaqişənin sülh yolu ilə həllini tapması üçün konstruktiv diplomatik fəaliyyət göstərdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Bütün bunlar Prezident İlham Əliyevin müdrik, uzaqgörən daxili və xarici siyasətinin bariz nümunəsidir. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir. Azərbaycan kosmik ölkə kimi hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən üç peyki vardır. Əhalisinin 80 faizi internet istifadəçisi olan Azərbaycanda enerji təhlükəsizliyi güclü səviyyədə təmin edib. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyik ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Ölkəmiz, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm əhəmiyyətə malik olan Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində də çalışır. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verən dövlət kimi tanınmaqdadır. Ölkəmizin 2019-2022-ci illər ərzində sədrlik etdiyi Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri, beynəlxalq aləmdə olan imici, humanist və sülhsevər mövqeyi ölkəmizin qlobal müstəvidə etibarlı tərəfdaş olmasının bariz nümunəsidir”,- deyə İlham Məmmədov vurğulayıb.

AİA.Az
Geri dön