Ana Sayfa > Karusel / Siyasət > Elnur Allahverdiyev: “Azərbaycan yeni dünya düzənində öz layiqli yerini təmin etmişdir”
Elnur Allahverdiyev: “Azərbaycan yeni dünya düzənində öz layiqli yerini təmin etmişdir”13-01-2022, 17:39. Yazar: sevinc1 |
![]() “Bu gün artıq bütün dünyada beynəlxalq hüququn ciddi böhran yaşaması, getdikcə məhz güc amilinin daha qabarıq formada önə çıxması açıq-aydın müşahidə olunmaqdadır. Belə bir şəraitdə Azərbaycan öz iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş bir ölkə olaraq dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır. Bunun səbəbi isə ölkəmizdə Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursudur.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnur Allahverdiyev deyib. Millət vəkili Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ilk növbədə sosial-iqtisadi məsələlərlə bağlı məqamların geniş əhatə olunduğunu qeyd edərək bunları deyib: “Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət xətti ona səbəb olmuşdur ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların rifah halına mənfi təsir göstərməsin. Prinsip etibarilə bu siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, ölkədə iqtisadi islahatlar uğurla həyata keçirilsin. Dövlətimizin başçısı tərəfindən ötən il qəbul edilmiş qərarların məqsədində də məhz bu amil dayanır. Bu qərarlar dünyada gedən qlobal bahalaşma prosesi fonunda Azərbaycanda da bəzi ərzaq məhsullarının, o cümlədən çörəyin qiymət artımından vətəndaşlarımızın əziyyət çəkməməsi məqsədinə sərrast hesablanıb. Nəzərə almaq lazımdır ki, çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin şəkildə artıb. O cümlədən Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Bunu nəzərə alaraq ölkəmizdə çox geniş sosial paket həyata keçirildi. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırıldı. Bütövlükdə bu, ölkənin büdcəsinə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Təbii ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Məsələn, son 10 il ərzində minimum əməkhaqqı həddi bir neçə dəfə qaldırılıb. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün ölkəmizdə insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Maaşların və təqaüdlərin artırılması da bu tədbirlərin sadəcə bir hissəsidir. Diqqətəlayiq haldır ki, ötən il vergi orqanları tərəfindən proqnozdan artıq toplanmış 1,4 milyard manat vəsait dərhal 1,5 milyard manatlıq sosial paketin təmin edilməsinə yönəldilmişdi. Bu, bir daha dövlətimizin sosial sahəyə nə qədər böyük önəm verdiyindən xəbər verir.” Həmçinin Elnur Allahverdiyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni transmilli logistik layihələr artıq bütün beynəlxalq ictimaiyyət üçün də son dərəcə maraqlı və əhəmiyyətli olduğu üçün Ermənistanın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək imkanları getdikcə daha çox məhdudlaşır: “Azərbaycan Prezidenti öz müsahibəsində də bir daha vurğuladı ki, hansı yolla olursa-olsun Zəngəzur dəhliz açılacaq. Diqqətəlayiq haldır ki, ötən ildən “Zəngəzur dəhlizi” ifadəsi artıq siyasi-diplomatik müstəvidə aparılan ritorikaya daxil edildi. Həmçinin ötən il biz mülki aviasiya sahəsində Zəngəzur hava dəhlizinin açıldığını gördük. Həm də Azərbaycan bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdi. Məlumdur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bəlkə də ona görə ki, bu terminin müəllifi məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Öz müsahibəsində dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmır. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Həmçinin Ölkə Prezidenti gələcəkdə Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətlərinin çəkilməsinin də planlaşdırıldığını vurğuladı. Əlbəttə ki, bu, Azərbaycan üçün növbəti böyük uğur olacaq. Həm iqtisadi, həm də siyasi müstəvidə. Həmçinin bu dəhliz vasitəsilə iki qaz xəttinin çəkilişi də mümkündür. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Beləliklə Azərbaycanın planlarına uyğun olaraq Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə dəhlizin açılmasına etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var. Lakin Azərbaycan ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmalar həyata keçirib. Hazırda bu istiqamətdə Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünki Ermənistan tərəfi ilkin mərhələdə israr edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Məxsusi olaraq bu məsələyə toxunan Prezident İlham Əliyev bunu da bildirdi ki, hələ sovet vaxtında belə bir layihə var idi. Həmin dövrdə də Ermənistan bu layihəyə etiraz edirdi və onun mümkünsüz olduğunu isbatlamağa çalışırdı. Lakin o vaxt Moskvada Siyasi Büronun üzvü və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini olan Ulu Öndər Heydər Əliyevin göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verdilər. O zaman hətta avtomobil yolunun tikintisinə də artıq başlanmışdı. Lakin ermənilər hələ o vaxtdan istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu olsun və buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Lakin bu gün Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yolunun çəkilişinə razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, məsələ də təsdiqləndi və hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur.” Sonda millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün beynəlxalq aləmdə sahib olduğu mövqelər ölkəmizin qlobal proseslərə müdaxilə imkanlarını əhəmiyyətli dərəcədə artırıb: “Bu gün həqiqətən də beynəlxalq müstəvidə ənənəvi davranış qaydaları artıq tükənmək üzrədir. Artıq demokratik dəyərlərin, beynəlxalq hüquq və ədalətin çağırışları sadəcə beynəlxalq görüş və toplantılarda səsləndirilən rəsmi çıxışlara hansısa formal etiket tələblərini gözləmək məqsədilə əlavə edilir. Reallıq isə tam fərqli və getdikcə daha çox güc amilinə dayanan proseslərdən formalaşır. Birmənalı olaraq demək lazımdır ki, əgər bu gün Azərbaycan özünü yeni dünya düzənlənməsi prosesinə hazır vəziyyətdə hiss edirsə, bunun yeganə səbəbi də məhz Prezident İlham Əliyev tərəfindən vaxtında atılmış məqsədyönlü addımlar, zamaninda görülmüş qabaqlayıcı tədbirlərdir. Hələ bir neçə il öncəki çıxışlarında dövlətimizin başçısı deyirdi ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Məhz buna görə Azərbaycan artıq neçə illərdir ki, ilk növbədə öz iqtisadiyyatını gücləndirmək və buna paralel olaraq da hərbi qüdrətini artırmaq yolu ilə inamla irəliləyir. 2020-ci ildə bu yol bizi artıq ən ali məqsədlərimizdən birinə, ölkənin ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Bütün bunlar tam əminliklə belə deməyı əsas verir ki, Azərbaycan yeni dünya düzənlənməsində də öz iradəsini diktə edə biləcək ölkələr sırasında öz yerini təmin etmişdir.” AİA.Az Geri dön |