Ana Sayfa > Təhsil > Tahir Abbasov: “Ulu Öndər Heydər Əliyev dünyada yaşayan bütün soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdur”

Tahir Abbasov: “Ulu Öndər Heydər Əliyev dünyada yaşayan bütün soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdur”


30-12-2021, 15:50. Yazar: sevinc1
Tahir Abbasov: “Ulu Öndər Heydər Əliyev dünyada yaşayan bütün soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdur”

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan bayramdır. Xüsusilə son illərdə məhz bu ideologiya bütün dünyada yaşayan azərbaycanlıların özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq doğma Azərbaycanın inkişafına, Vətənimizin dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc bilir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.”

Bu sözləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyəti barədə öz fikirlərini paylaşan Ağdam Rayon Təhsil şöbəsinin müdiri Tahir Abbasov deyib.

Tahir Abbasov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın mənəvi- ideoloji birliyinə müvəffəq olmuşdur: “Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamışdı. Bu təşkilatlanmanın reallaşması üçün ilk və ən mühüm addımı da məhz Ulu Öndər Heydər Əliyev atmış və dünyada yaşayan bütün soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdu. Ümummilli Lider dəfələrlə qeyd etmişdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həmin həmrəyliyi gücləndirməkdən, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin əsası kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi də məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində demişdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Həmrəylik gününün qeyd edilməsi bu gün artıq bütün dünya azərbaycanlıları üçün bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Diqqətəlayiq haldır ki, Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.”

Daha sonra Tahir Abbasov Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimizin bu gün Prezident İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdiyini vurğulayaraq bunları deyib: “Milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001­ci il mayın 23­də imzaladığı sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə, azərbaycanlı icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi, əlaqələndirilməsi üçün şərait yaratmışdır. Dünyanın 36 ölkəsindən 200­dən çox təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirilmiş və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) təsis olundu və xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul edildi. Bu gün Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bu gün dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf prosesi sürətlə davam edir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.

Bu gün, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün yeni, daha geniş imkanlar açılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan dövləti artıq daha nüfuzlu iqtisadi və siyasi gücə çevrilmişdir. Əlbəttə ki, bütün bu amillər dünyada yaşayan soydaşlarımızda Vətənimizə və xalqımıza mənsubluq hissinin daha da güclənməsinə xidmət edəcək, dünya azərbaycanlılarının birlik və həmrəyliyini daha möhkəm və sarsılmaz edəcəkdir.”
Geri dön