Ana Sayfa > Təhsil > Namidə Abbasova: “Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi artıq qalib ölkəyə mənsubluqları ilə qürur duyan insanların birliyidir”
Namidə Abbasova: “Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi artıq qalib ölkəyə mənsubluqları ilə qürur duyan insanların birliyidir”29-12-2021, 16:14. Yazar: sevinc1 |
Artıq ikinci ildir ki, xalqımız, eləcə də bütün dünyada yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü indiyədək heç zaman müşahidə olunmamış böyük coşqu ilə qeyd edirlər. Bunun da səbəbi əlbəttə ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədir. Bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyü ilə bərabər Azərbaycan xalqının qırılmış qürurunu da bərpa etdi, özünə qaytardı. Bu Qələbə cəmi 44 günə 30 il ərzində məğlub durumda olan Azərbaycanı qalib ölkəyə çevirdi. Məhz milli həmrəylik ideyasının bariz təcəssümü olaraq Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanının ətrafında sarsılmaz birliyə gəldi və düşməni məğlub etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan bayramdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamışdı. Bu təşkilatlanmanın reallaşması üçün ilk və ən mühüm addımı da məhz Ulu Öndər Heydər Əliyev atmış və dünyada yaşayan bütün soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin əsasını qoymuşdu. Ümummilli Lider dəfələrlə qeyd etmişdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həmin həmrəyliyi gücləndirməkdən, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin əsası kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi də məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində belə demişdir: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.” Milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001ci il mayın 23də imzaladığı sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə, azərbaycanlı icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi, əlaqələndirilməsi üçün şərait yaratmışdır. Dünyanın 36 ölkəsindən 200dən çox təşkilatı təmsil edən 406 nümayəndənin iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirilmiş və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) təsis olundu və xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul edildi. Bu gün Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi. Bu gün dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf prosesi sürətlə davam edir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi anlayışı artıq yeni, daha təsirli və güclü bir mahiyyət kəsb etməyə başlamışdır. Çünki bu həmrəylik artıq qalib ölkəyə mənsubluqlarını dərk edən və bununla qürur duyan insanların birliyidir. Çünki bu həmrəylik artıq Müzəffər Ali Baş Komandanının ətrafında formalaşmış real gücdür. Namidə Abbasova, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri aia.az Geri dön |