Ana Sayfa > Seçki 2024 > Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti

Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti


28-12-2021, 15:32. Yazar: sevinc1
Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti



Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Azərbaycan Respublikası dünyada yaşayan azərbaycanlıların əlaqəsinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə paytaxtımız Bakıda 2001-ci il noyabrın 9-u və 10-da Dünya Azərbaycanlılarının I Qurultayı, 2006-cı il martın 16-da II Qurultayı, 2011-ci il iyulun 5-i və 6-da III Qurultayı, 2016-cı il iyulun 3-4 də IV Qurultayı keçirildi. Bu Qurultaylar bir daha dünya azərbaycanlılarının birlik və həmrəyliyini sübutu oldu. Bu birliyin nə qədər möhtəşəm olduğunu 2020-ci il 27 sentyabrda başlayıb 8 Noyabrda zəfərlə başa çatan Vətən müharibəsində daha bariz gördük. 44 günlük müqəddəs Vətən müharibəsində bütün dünya azərbaycanlıları bir ürək oldular. Ulu öndərimizin layiqli davamçısı olan, onun siyasətini bu gün uğurla davam etdirən Prezident İlham Əliyev cənablarının ətrafında birləşərək möhtəşəm bir birlik numayiş etdirdilər. Dövlət başçımızın çağırışına qoşularaq vətənin işğala məruz qalan torpaqlarının müdafiəsinə qalxdılar. ”Dəmir yumruq”un ətrafında bir yumruq kimi birləşərək Ulu öndər Heydər Əliyevin dediyi o müdrik sözlərin həqiqət olduğunu dünyaya sübut etdilər.

Dövlət başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Bu gün dünyadakı soydaşlarımız vahid ideya ətrafında birləşərək, mütəşəkkil qüvvəyə çevrilmişlər. Ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət diaspor siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 18 il ərzində dunya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün, üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirmiş, bu sahədə ardıcıl siyasət yürütmüşdür. Azərbaycan dövləti dunya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prossesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəlmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə daim ciddi fikir verir.

Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Xətai rayon Qeydiyyat Şöbəsinin rəisi:
Leyla Süleymanova
aia.az

Geri dön