Ana Sayfa > İqtisadiyyat > Pərviz Şahbazov: Prezident cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir

Pərviz Şahbazov: Prezident cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir


24-12-2021, 18:41. Yazar: admen
Pərviz Şahbazov: Prezident cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir

Energetika naziri Pərviz Şahbazov: Prezident cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir

Energetika Nazirliyində Ulu Öndər Heydər Əliyev siyasi kursunun varisi, nüfuzlu dövlət başçısı, müasir dövrün parlaq lideri və müzəffər Ali Baş komandan Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə “İlham Əliyev və müstəqil Azərbaycanın enerji siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin xalqımız, dövlətimiz və ümumən bəşəriyyət qarşısında tarixi xidmətləri haqqında danışaraq, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi aydın inkişaf istiqaməti ilə müstəqil dövlətimizi tarixinin ən qüdrətli intibah dövrünə yetirmiş qətiyyətli Lider, iki əsrin problemini həll etməyə nail olan güclü şəxsiyyət kimi ali keyfiyyətlərinə diqqət çəkib. Qeyd edilib ki, məhz Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq, ona regionda yeni geosiyasi güc mərkəzi statusu qazandırıb. Onun rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər arasında hörmət ruhunun örnəyini yaradır.

Çıxış zamanı Azərbaycan iqtisadiyyatının sürətli inkişafına da diqqət çəkilib: “Son 18 il ərzində ümumi daxili məhsul üç dəfədən çox artıb. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, 2 milyondan çox yeni iş yeri açılıb. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb”.

Qalib ordu formalaşdıran Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə planlı və ardıcıl şəkildə görülmüş işlərin Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdiyi qeyd edilib.
Ölkə başçısının Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti haqqında məlumat verilib, bu siyasət sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısı “Neft Strategiyası”nın hədəflərinə nail olunduğu vurğulanıb: “Enerji təhlükəsizliyinə yanaşmada Azərbaycan modeli daha rasionaldır. Bu, enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsidir. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balanslaşmanı seçməkdir. Məhz Azərbaycan Prezidentinin proqnozlaşdırılmış və dünyadakı çağırışları çevik nəzərə alan enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır”.

Dövlət başçısının “yaşıl enerji” kursunun Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açdığını deyən nazir bildirib ki, Prezident cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir.

O da vurğulanıb ki, torpaqlarımızı düşmən tapdağından azad etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ən ülvi, müqəddəs vəsiyyətini, arzusunu yerinə yetirib, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi Zəfər zirvəsinə yüksəlib.
Tədbirdə Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib, dövlət başçısının ictimai-siyasi fəaliyyəti, dövlət idarəçiliyi və dövlət qulluğu siyasətinin möhkəmləndirilməsində atdığı mütərəqqi addımlar, neft-qaz, elektroenergetika və bərpa olunan enerji sahələrinin inkişafında həyata keçirdiyi islahatlara dair çıxışlar dinlənilib.

Tədbirdə Energetika Nazirliyinin, nazirliyin tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

aia.az
Geri dön