Ana Sayfa > Siyasət > Möhüb Babayev: “Son 18 il ərzində Azərbaycan mədəniyyətinin inkişafı yalnız artan dinamika ilə davam edib”

Möhüb Babayev: “Son 18 il ərzində Azərbaycan mədəniyyətinin inkişafı yalnız artan dinamika ilə davam edib”


23-12-2021, 12:32. Yazar: sevinc1
Möhüb Babayev: “Son 18 il ərzində Azərbaycan mədəniyyətinin inkişafı yalnız artan dinamika ilə davam edib”

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti kursu bu gün Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra da Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Möhtərəm Prezidentimizin Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də sözssüz ki, işğaldan azad edilmiş qədim şəhərimiz olan Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsidir. Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə təkcə zəbt olunmuş torpaqlarımız deyil, eləcə də zəbt olunmuş mədəniyyətimiz işğaldan azad edilmiş oldu. Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin azad edilməsi və möhtərəm dövlət başçımız tərəfindən ölkənin mədəniyyət paytaxtı elan olunması isə xalqın bütün milli-mədəni irsinin yenilənməsinə, möhtəşəm oyanışına səbəb oldu. İşğaldan azad olunmasından az bir vaxt sonra Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib və orada bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin daha bir göstəricisidir. Artıq bu il, may ayının 12-də isə Azərbaycan bu dəfə mədəniyyət sahəsində növbəti zəfərinə imza ataraq işğaldan azad edilmiş qədim Şuşa şəhərində, ən önəmli tarixi məkanlarımızdan olan Cıdır düzündə “Xarıbülbül” musiqi festivalını yüksək səviyyəfə keçirdi. Uzun illər sürən fasilədən sonra Şuşada “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi, Azərbaycanın bu qədim mədəniyyət beşiyinin yenidən öz doğmalarına və qonaqlarına qucaq açması bütün xalqımız üçün əsl incəsənət bayramı oldu. 12 may tarixi artıq ölkəmiz üçün əlamətdar bir gün oldu. Bu hadisəni əlamətdar edən daha bir önəmli məqam da budur ki, torpaqlarımız işğaldan azad olunandan sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində bizə Qələbəni öz canları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Şuşanın azad edilməsindən dərhal sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı bərpa ediləcək və belə də oldu. Artıq bundan sonra bu möhtəşəm musiqi bayramı Şuşada hər il keçiriləcək. Bütün bunlar qədim Azərbaycan mədəniyyətinin növbəti, daha yüksək inkişaf mərhələsinə keçidinin bariz təzahürləridir.

Qeyd olunduğu kimi, bu inkişaf da əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin nəticələrindən biridir. Bu Qələbəni isə Azərbaycan xalqı Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 2003-2020-ci illər ərzində həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin və yürütdüyü siyasət kursunun nəticəsində əldə etmişdir. Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Və bu gün gəldi, 2020-ci il 27 sentyabr tarixində düşmənin növbəti hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatlarına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.

Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın Qələbəsinin əsasında öz liderinə, öz Prezidentinə sonsuz bir inamla güvənən xalq və hər zaman xalqın dəstəyinə arxalanan Prezident durur. Azərbaycan xalqı ən həlledici məqamda öz iradəsini ortaya qoyaraq, dəmir yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdi və işğalçıya sarsıdıcı zərbə vurdu. Əlbəttə ki, Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı, ehtiramı və etimadı sonsuzdur. Bu gün isə işğaldan azad edilmiş rayon və bölgələrimizə etdiyi səfərləri ilə Prezident İlham Əliyev Azərbaycanın həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu bütün dünyaya əyani olaraq nümayiş etdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz azad edilmiş ərazilərdə bütün tarixi-mədəni abidələrimizi bərpa edəcəyik və həmin torpaqlar yenidən öz mədəni incilərini bütün dünyaya təqdim etmək imkanı alacaqlar.


Möhüb Babayev,
Bakı şəhər Suraxanı rayonu
37 nömrəli uşaq musiqi məktəbinin direktoru

Geri dön