Ana Sayfa > Siyasət > Deputat: İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir
Deputat: İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir23-12-2021, 07:52. Yazar: sevinc1 |
![]() Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının bu günlərdə imzaladığı yeni Fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi. Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Bu barədə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib. Deputat qeyd edib ki, yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcək. Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələr artımdan yararlana biləcəklər. T.Cəfərova söyləyib ki, bütün bunlar Azərbaycanda yeni sosial islahatlara başlandığını deməyə əsas verir. Hazırda real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. 2021-ci ildən başlayaraq iqtisadiyyatımız bərpa olunmaqdadır, iqtisadi artım sürətlənir, ÜDM ötən 10 ayda 5 faizdən çox yüksəlib. Ölkəmizin maliyyə imkanları artdıqca sosial layihələrin həcmi də artır: “Qeyd edək ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əmək haqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb ki, bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. “İnsan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir. Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün görülən işlər, atılan əməli addımlar qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Onu da xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev Azərbaycan xalqının xoşbəxtliyi, dövlətimizin inkişafı və beynəlxalq aləmdə tanınması üçün bütün gücü ilə çalışır. Sərəncamlar və həyata keçirilən mühüm layihələr bunun parlaq nümunəsidir”, - deyə Tamam Cəfərova vurğulayıb. aia.az Geri dön |