Ana Sayfa > Gündəm > Sərdar Əhmədov: “2003-cü il Prezident seçkiləri Azərbaycan tarixinə xalqın iradəsini ifadə edən ən mühüm siyasi hadisələrdən biri kimi düşüb”

Sərdar Əhmədov: “2003-cü il Prezident seçkiləri Azərbaycan tarixinə xalqın iradəsini ifadə edən ən mühüm siyasi hadisələrdən biri kimi düşüb”


22-12-2021, 10:00. Yazar: sevinc1
Sərdar Əhmədov: “2003-cü il Prezident seçkiləri Azərbaycan tarixinə xalqın iradəsini ifadə edən ən mühüm siyasi hadisələrdən biri kimi düşüb”

Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş 2003-cü ilin Prezident seçkiləri eyni zamanda xalqın strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirmiş, ölkə vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyət sükanında məhz sınanmış komanda və lideri görmək istəmişdir. Cənab İlham Əliyev ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, daha sonra birinci vitse-prezidenti, eləcə də Milli Olimpiya Komitəsinin prezidenti kimi geniş fəaliyyəti ilə yanaşı, Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri statusunda da milli maraqların təmini sahəsində mühüm işlər görmüşdür. Onun vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycan nümayəndə heyəti keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurasında müzakirəsi zamanı böyük uğurlar əldə etmişdir. Peşəkar diplomat keyfiyyətlərinə malik cənab İlham Əliyev AŞ PA-nın tribunasında bu münaqişəni ümumilikdə Avropanı təhdid edən problem kimi gündəmə gətirə bilmişdi. Dövlət başçısı İlham Əliyevin ötən 18 illik fəaliyyətində diqqətəlayiq ən üstün cəhətlərdən biri onun siyasi hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirməsi, hökumətin fəaliyyəti ilə bağlı cəmiyyətə müntəzəm hesabatların verilməsini idarəçilikdə demokratik ənənələrdən biri kimi formalaşdırmasıdır. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində qazanılmış nailiyyətlərin qiymətləndirilməsi, əldə edilmiş uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir. Bütün bunları nəzərə alaraq demək lazımdır ki, 2003-cü il 15 oktyabr seçkiləri Azərbaycan tarixinə xalqın iradəsini ifadə edən ən mühüm siyasi hadisələrdən biri kimi düşüb.

Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir. Bu gün artıq ölkənin Müdafiə Sənayesi müəssisələrində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri kimi dəyərləndirlməlidir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin daha bir təntənəsi də məhz Azərbaycanda bərqərar olmuş ümummilli birlik və həmrəylik mühiti ilə bağlıdır. Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən və ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini aşkar şəkildə müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümünə çevrilib.

Sərdar Əhmədov,
Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi

Geri dön