Ana Sayfa > Siyasət > Təranə Rəcəbli: “Bu gün dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycanda daha möhkəm xalq-iqtidar birliyi mövcuddur”
Təranə Rəcəbli: “Bu gün dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycanda daha möhkəm xalq-iqtidar birliyi mövcuddur”22-12-2021, 14:23. Yazar: sevinc1 |
![]() 2003-cü ildə Azərbaycan xalqı ölkənin bundan sonra hansı yolla gedəcəyi barədə qərar verməli idi. Bu qərardan asılı olaraq ya ölkədə Heydər Əliyev siyasəti davam etməli idi, ya da Azərbaycan yenidən təhlükə və fəlakətlərlə üz-üzə qalmalı idi. Lakin Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də müdrikliyini göstərərək öz qərarını düzgün verdi, öz səsini Heydər Əliyev siyasətinə verdi. Məhz xalqın düzgün seçimi sayəsində 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza malik olan bir ölkəyə çevrilib. Azərbaycanın ikitərəfli əlaqələri getdikcə inkişaf edir, dünyada dostlarımızın sayı getdikcə artır. Bu gün üzv olduğu bütün təşkilatlarda Azərbaycanın sözünün böyük çəkisi var. Əlbəttə ki, bütün bunlar ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu sayəsində və yürütdüyü praqmatik siyasəti nəticəsində əldə olunmuşdur. Məhz bu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan mühüm beynəlxalq layihələrin ən etibarlı və əsas iştirakçılarından birinə, bir çox hallarda isə həm də təşəbbüskarına çevrilib. Bütün digər sahələr kimi, bu gün Azərbaycan səhiyyəsi də özünün inkişaf və çiçəklənmə dövrünü yaşayır. 2003-2021-ci illər ərzində Azərbaycanda bu sahədə görülən tədbirlər sayəsində ölkənin səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir və ən son texnoloji avadanlıqlarla təchiz edilərək vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Xüsusilə son illər Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə ayırdığı böyük diqqət və qayğının nəticəsində Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər səhiyyəmizi dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Əlbəttə ki, məhz Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın bütün sahələrdə daha sürətli, daha dinmik inkişafı üçün indiyədək müşahidə olunmamış yeni perspektivlər açılıb. Məlumdur ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi istiqamətində ilkin mühüm addımlar Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin başçısı kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olduğunu bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, əks halda isə müharibə yolunun da mümkünlüyünü vurğulamışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanmaq üçün atəşkəs sazişinə nail olması da Ulu Öndərin tarixi xidmətlərindəndir. Bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi missiyansını məhz Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdi. Bu məqsədlə Prezident İlham Əliyev, ilk növbədə, Azərbaycan Respublikasını iqtisadi cəhətdən uğurla inkişaf etdirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində dövlət başçısı Azərbaycanda iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevrildiyini dönə-dönə, dəfələrlə bəyan etmişlər. Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət tarixi Qələbəyə aparan yolun ən mühüm amilidir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar, o cümlədən şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı vermişdir. Hələ neçə illər bundan qabaq ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunu bütün əsas göstəricilərinə görə dünyanın ən güclü əlli ordusundan biri hesab etmişdilər. Sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, bütün dünyada etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da tarixi Qələbəni təmin edən əsas amillərdəndir. Bu gün dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında çox möhkəm xalq-iqtidar birliyi mövcuddur. Prezident İlham Əliyevin siyasəti və səyləri nəticəsində əldə olunmuş bu möhtəşəm birlik böyük Qələbəmizin ən etibarlı təməli olmuşdur. Bir vacib məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda həm dövlət, həm də cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən vətəndaşların müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti son dərəcə önəmli bir faktor olaraq diqqət mərkəzindədir. Ölkəmizdə bu istiqamətdə ortaya çıxan problemlərin öhdəsindən operativ şəkildə və yüksək effektivliklə gəlinməsi onu göstərir ki, Azərbaycan həqiqətən də bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil kimi məhz vətəndaş məmnunluğu prinsipini tutan dövlətdir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bütün bu deyilənlər bir daha sübut edir ki, Azərbaycan xalqı 2003-cü ildə ən düzgün seçimini etmiş, ən mühüm tarixi qərarını vermişdir. Təranə Rəcəbli Sumqayıt Perinatal Mərkəzin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü, Əməkdar həkim Geri dön |