Ana Sayfa > Gündəm > Sədafər Hüseynov: “Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas xarakterik xüsusiyyəti dinamik inkişafın təminatıdır ”

Sədafər Hüseynov: “Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas xarakterik xüsusiyyəti dinamik inkişafın təminatıdır ”


21-12-2021, 14:59. Yazar: sevinc1
Sədafər Hüseynov: “Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas xarakterik xüsusiyyəti dinamik inkişafın təminatıdır ”

Bu gün biz birmənalı olaraq deməliyik ki, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsi öz başlanğıcını məhz 2003-cü ildən götürüb. Həmin il Ölkə Prezidenti cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçilməsilə ölkəmiz yeni, daha yüksək və daha dinamik inkişaf mərhələsinə qədəm qoydu. Həmin tarixi gündən keçən dövr ərzində Azərbaycan misli görünməmiş uğurlara, qələbələrə imza atdı. Artıq bu günün prizmasından baxdıqda aydın görünür ki, 2003-cü ildə Azərbaycan xalqının Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi və davamçısı olan İlham Əliyevə etimad göstərməsi bir tarixi zərurət idi. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyət sükanında məhz sınanmış komanda və lideri görmək istəmişdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında Ulu Öndər Heydər Əliyevin söylədiyi belə bir fikir xalqın qəlbinə hakim kəsilmişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Əlbəttə ki, uzun illər sonra Azərbaycanın yüksəldiyi bu zirvələr, əldə olunmuş tarixi Qələbəmiz və torpaqlarımızın işğaldan azad edilməsi də Ulu Öndərimizin həmin ümidlərinin doğrulması deməkdir. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. İlk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.



Xüsusilə son illər ərzində ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib. Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb. Təbii ki, bütün bu tədbirlər ölkənin ərzaq ttəhlükəsizliyinin təmin olunması kimi vacib əhəmiyyət kəsb edən strateji məsələnin həllinə yönəldilmişdir.



Lakin bütün bunlarla yanaşı bizim ən böyük tarixi nailiyyətimiz əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi oldu. Heç şübhəsiz bu tarixi Qələbəmiz də 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi.



Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir. Bu gün artıq ölkənin Müdafiə Sənayesi müəssisələrində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri kimi dəyərləndirlməlidir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Xüsusi olaraq qeyd etmək istərdim ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin daha bir təntənəsi də məhz Azərbaycanda bərqərar olmuş ümummilli birlik və həmrəylik mühiti ilə bağlıdır. Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən və ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini aşkar şəkildə müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsil təcəssümünə çevrilib.

Sədafər Hüseynov,
Saatlı rayon Ağsaqqallar Şurasının sədri
Geri dön