Ana Sayfa > Dünya > Ermənistanda yeni bahalaşma başlanır
Ermənistanda yeni bahalaşma başlanır21-12-2021, 14:49. Yazar: admen |
Ermənistanda bir sıra kommunal xidmətlərin tariflərinə yenidən baxılacaq. AİA.Az Ermənistan mediasına istinadən bildirir ki, İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (İXTE) bəyanat yayaraq Rusiyanın "Qazprom" şirkəti ilə aparılmış danışıqların İrəvan üçün müsbət sonucla başa çatdığını vurğulayıb. Belə ki, Ermənistanın Rusiyadan aldığı təbii qazın 1000 kubmetri üçün 165 dollar səviyyəsində qiymətin yaxın 10 ildə stabil qalacağını Moskva vəd edib. Bu razılaşma Razdan İstilik-Elektrik Stansiyası (İES) hesabına əldə olunub. Rusiya Ermənistana verdiyi kreditlərin ödənməsi prosesində 31 milyon dollarlıq borcun qapadılması əvəzində Razdan İES-ə sahiblənib. "Qazprom" şirkətinin Ermənistandakı qaz təminatı və qazpaylama şəbəkəsinə tam nəzarət edən "Qazprom Armeniya" şirkəti İES-in inşasını başa çatdıracağını və modernləşdirəcəyini bəyan edib. Yekun olaraq qərara alınıb ki, Ermənistanda əhalinin aztəminatlı təbəqəsi, yəni abonentlərin 11 faizi üçün elektroenerji tarifləri "cüzi dəyişəcək". Yerdə qalan ermənilər üçünsə tariflər bahalaşıb. Tariflər gələn ilin fevralın 1-dən bahalaşacaq. Buna rəğmən, Ermənistanın dövlət büdcəsində əlavə olaraq 23,8 milyard dram (49,52 milyon dollar) həcmində kəsir yaranacağı qaçılmazdır. 2022-ci ilin yanvarın sonunda isə Ermənistanda təbii qaz, içməli su, kanalizasiya və s.-yə görə tariflərin bahalaşacağı da vurğulanıb. Eyni zamanda, yeni ilin əvvəlindən etibarən Ermənistanda yanacaq-sürtkü materiallarının, xüsusilə də benzinin və dizel yanacağının qiymətlərinin də orta hesabla 25-31 faiz artımı gözlənilir. Bu isə ərzaq və gündəlik tələbat mallarından tutmuş, bütün sektorlara təsir edərək qiymət artımına səbəb olacaq. Geri dön |